Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlı inkişafı üçün əsas şərtlərdən biri qarşılıqlı etimadın mövcudluğudur. Etibarlı siyasi dialoq və ortaq maraqlara əsaslanan əməkdaşlıq uzunmüddətli tərəfdaşlığın formalaşmasına imkan yaradır. Azərbaycan və Türkmənistan arasında münasibətlər də məhz belə bir model üzərində qurulub. İki dövlət arasında formalaşan dostluq və qardaşlıq münasibətləri bu gün siyasi, iqtisadi, humanitar və beynəlxalq əməkdaşlığın mühüm nümunələrindən biri kimi çıxış edir.
İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və əməkdaşlığın yeni istiqamətləri formalaşır. Dövlət başçılarının mətbuata verdikləri bəyanat münasibətlərin mahiyyətini və gələcək perspektivlərini ortaya qoyur.
Azərbaycan və Türkmənistan arasında münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi etimaddır. Prezidentlər arasında formalaşan səmimi münasibətlər, qarşılıqlı səfərlər və müntəzəm dialoq əməkdaşlığın davamlı inkişafını təmin edir. Prezident İlham Əliyev bəyanatında vurğulayıb: “Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi”. Tərəflər əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər. Azərbaycan-Türkmənistan münasibətlərində qarşılıqlı etimad amili bütün digər istiqamətlər üzrə əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilib.
İki dövlət arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə davamlı dəstək göstərirlər. Prezident İlham Əliyevin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına verdiyi dəstəyə görə təşəkkür etməsi bu əməkdaşlığın mühüm göstəricilərindən biridir. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan arasında formalaşmış etibarlı tərəfdaşlıq münasibətləri bu baxımdan da diqqət çəkir.
Son illərdə Mərkəzi Asiya regionunun beynəlxalq əhəmiyyəti daha da artıb. Enerji resursları, nəqliyyat marşrutları və iqtisadi potensial regionu qlobal diqqət mərkəzinə çevirib. Azərbaycan isə coğrafi mövqeyi və həyata keçirdiyi siyasət sayəsində Mərkəzi Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynayır. Türkmənistanla əməkdaşlıq bu missiyanın həyata keçirilməsində mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Bu yanaşma regionlararası əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm strateji baxışdır.
Azərbaycan-Türkmənistan münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Mədəniyyət Günlərinin təşkili, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, təhsil və elm sahəsində əlaqələrin genişlənməsi xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Aşqabadda və Arkadağda keçirilən Azərbaycan Mədəniyyəti Günləri, eyni zamanda Türkmənistan mədəniyyət xadimlərinin Bakı və Gəncəyə səfərləri iki xalqın ortaq mənəvi dəyərlərə malik olduğunu bir daha nümayiş etdirib. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər elan olunması da bu istiqamətdə atılmış mühüm addımlardandır. Həmin layihələr xalqlar arasında münasibətlərin daha da genişləşməsinə şərait yaradır.
Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsü iki dövlət arasında münasibətlərin səmimiliyini göstərən mühüm hadisələrdən biridir. Prezident İlham Əliyevin bu təşəbbüsə görə Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkür etməsi qardaş ölkənin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini göstərir. Bu layihə həm dini-mədəni irsin qorunmasına xidmət edir, həm də Azərbaycan-Türkmənistan dostluğunun konkret ifadəsi kimi çıxış edir.
Azərbaycan və Türkmənistan regional sabitliyin qorunması, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin inkişafı tərəfdarıdırlar. Hər iki dövlətin həyata keçirdiyi siyasət regionda qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan-Türkmənistan münasibətləri region üçün nümunəvi tərəfdaşlıq modeli hesab oluna bilər. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi amillərlə deyil, iqtisadi sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və humanitar əməkdaşlıqla da sıx bağlıdır. Azərbaycan və Türkmənistan məhz bu istiqamətlər üzrə uğurlu əməkdaşlıq həyata keçirirlər.
Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı türk dövlətləri arasında inteqrasiya proseslərinin güclənməsinə də mühüm töhfə verir. Ortaq tarixi köklər və mədəni dəyərlər bu əməkdaşlığın əsasını təşkil edir. Türk dünyasının müxtəlif platformalarda daha sıx əməkdaşlıq etməsi, iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi fonunda rəsmi Bakı ilə Aşqabad arasında münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq yalnız iki dövlətin maraqlarına deyil, bütövlükdə türk dünyasının güclənməsinə xidmət edir.
Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Siyasi etimad, beynəlxalq platformalarda qarşılıqlı dəstək, humanitar əməkdaşlıq, regional sabitliyə ortaq baxış və qardaşlıq münasibətləri bu əməkdaşlığın əsas sütunlarını təşkil edir. İki ölkə arasında münasibətlər gələcək illərdə daha da möhkəmlənəcək, regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfələr verəcəkdir.
Asif Əsgərov
Milli Məclisin deputatı