Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizin strateji məqsədləri sırasında mühüm yer tutur. Bu kontekstdə Azərbaycan-Türkmənistan münasibətləri yalnız ikitərəfli xarakter daşımır, həm də bütövlükdə Türk dünyasının inteqrasiyasına töhfə verir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə göstərdiyi dəstəyə görə Türkmənistan tərəfinə təşəkkürünü ifadə etdi. Xüsusilə, Füzuli şəhərində Türkmənistan tərəfindən inşa edilən məscid layihəsinin qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğu vurğulandı. Bu təşəbbüs iki xalq arasında mənəvi bağlılığın və qarşılıqlı hörmətin göstəricisidir.
Dövlət başçısı qeyd etmişdir ki, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdirilməsi hər iki xalqın maraqlarına xidmət edir. Qarşılıqlı əlaqələrin genişlənməsi regionda yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Bu proses uzunmüddətli və davamlı inkişafın təmin olunmasına xidmət edir.
Humanitar əməkdaşlıq da bəyanatların mühüm istiqamətlərindən biri oldu. Xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər münasibətlərin möhkəm təməlini təşkil edir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Beləliklə, 22 iyun 2026-cı il tarixli Bakı görüşü Azərbaycan–Türkmənistan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İmzalanmış sənədlərin miqyası, müzakirə olunan məsələlərin geniş spektri və dövlət başçılarının verdiyi mesajlar göstərir ki, tərəflər münasibətləri daha yüksək səviyyəyə qaldırmaq əzmindədirlər. Şübhə yoxdur ki, bütün istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsi həm iki ölkənin milli maraqlarına, həm də Xəzər regionunda sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan, Türkmənistanın dövlət başçısının ölkəmizə dövlət səfəri Bakı-Aşqabad tərəfdaşlığının gələcək perspektivlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi tarixə düşür.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi