Azərbaycan və Türkmənistan münasibətləri artıq yalnız tarixi, etnik və mədəni yaxınlıq çərçivəsində deyil, həm də strateji maraqların uzlaşdığı yeni geosiyasi platforma üzərində inkişaf edir. Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Bakı-Aşqabad münasibətlərinin inkişafında mühüm hadisə kimi qiymətləndirilə bilər. Belə ki, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər və dövlət başçılarının mətbuata bəyanatları iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti arasında aparılan danışıqlar siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika əməkdaşlığının və enerji tərəfdaşlığının daha da genişləndirilməsinə yönəlmişdir.Bu hadisə tarixi və strateji yaxınlığın möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə daxil olur.Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Əslində, Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. İki xalqı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir.Səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin bir daha yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb. Bu təşəbbüs təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur.
Diqqət çəkən əsas məqamlardan biri dövlətlər arasında formalaşmış yüksək siyasi etimadın konkret layihələrə çevrilməsidir. Dövlət başçılarının həm təkbətək, həm də geniş tərkibdə apardıqları danışıqlar, verilən konkret tapşırıqlar və Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müəyyən edilmiş fəaliyyət istiqamətləri onu göstərir ki, Bakı ilə Aşqabad əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmək niyyətindədir. Bu yanaşma münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji planlaşdırma əsasında inkişaf etdiyini nümayiş etdirir.
Azərbaycan və Türkmənistan arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən hadisələrdən biri də baş verdi. Azərbaycan Xəzər dənizində nəqliyyat və logistika əməkdaşlığının inkişafına töhfə olaraq Türkmənistan tərəfinə müasir tanker hədiyyə etdi. Bu addım sadəcə iqtisadi jest deyil, həm də Xəzərin iki sahilində yerləşən dövlətlərin qarşılıqlı etimadının və uzunmüddətli tərəfdaşlığının praktik ifadəsidir. Enerji və yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi fonunda belə bir hədiyyə iki ölkənin gələcək planlarının miqyasını nümayiş etdirir.Bu gün Azərbaycan və Türkmənistanı birləşdirən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Xəzər hövzəsini birləşdirən nəqliyyat marşrutlarının inkişafı, Orta Dəhlizin genişlənməsi və yükdaşımaların artırılması istiqamətində aparılan koordinasiya regionun iqtisadi xəritəsini dəyişdirən amillər sırasındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, etibarlı nəqliyyat marşrutlarının yaradılması yalnız infrastruktur layihələri ilə deyil, ilk növbədə dövlətlər arasında mövcud olan siyasi etimad və qarşılıqlı maraqlarla mümkündür. Bu baxımdan Azərbaycan–Türkmənistan tərəfdaşlığı Avrasiya məkanında sabit və təhlükəsiz logistika sisteminin mühüm dayaqlarından birinə çevrilmək potensialına malikdir.
Bundan əlavə, Sənaye əməkdaşlığı üzrə 2026–2028-ci illər proqramı, Xarici İşlər nazirlikləri arasında 2026–2029-cu illər üzrə əməkdaşlıq proqramı da rəsmi səviyyədə razılaşdırılmışdır. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi və sosial-humanitar müstəvidə sistemli şəkildə inkişaf etdirilməsini hədəfləyir.Səfərin diqqət çəkən istiqamətlərindən biri enerji sahəsidir. Çünki Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm enerji istehsalçıları kimi regional və beynəlxalq enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayırlar. İmzalanmış enerji əməkdaşlığı sazişi gələcəkdə neft-qaz layihələri, enerji infrastrukturu və enerji daşıyıcılarının ixracı üzrə qarşılıqlı fəaliyyət imkanlarını genişləndirə bilər.Türkmənistana hədiyyə edilən “Dostluq” tankerinin təqdimat mərasiminin keçirilməsi iki ölkənin enerji və nəqliyyat sahəsində tərəfdaşlığının rəmzi kimi qiymətləndirilir.
Bu gün Azərbaycan və Türkmənistan təkcə dost və qardaş dövlətlər deyil. Onlar Xəzər hövzəsinin gələcəyini formalaşdıran, regional əməkdaşlığın istiqamətlərini müəyyən edən və türk dünyasının birliyinə töhfə verən iki strateji tərəfdaşdır.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası
Kürdəmir rayon təşkilatının sədri