PDF Oxu

Siyasət

  • 538

Müdrik xalqımızın qürur mənbəyi - ŞƏRH

image

Hər bir dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və gələcəyinin əsas təminatlarından biri onun güclü ordusudur. Azərbaycan xalqı üçün 26 İyun - Silahlı Qüvvələr Günü yalnız bir bayram günü deyil, həm də dövlətçilik tariximizin, milli qürurumuzun və qəhrəmanlıq ənənələrimizin təcəssümüdür. Bu əlamətdar gün həm də Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun qazandığı uğurları dəyərləndirmək və vətənimizin müdafiəsində xidmət edən hərbçilərimizə minnətdarlığımızı ifadə etmək üçün mühüm bir fürsətdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun vacib istiqamətlərindən biri kimi milli ordunun yaradılmasına xüsusi önəm vermişdir. Məhz həmin tarix sonralar ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başlanmışdır.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun formalaşdırılması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Xüsusilə də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində mühüm addımlar atılmış, nizami və peşəkar ordunun formalaşdırılması üçün əsaslı islahatlar həyata keçirilmişdir. Bu siyasət nəticəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir silah və hərbi texnika ilə təminatı genişləndirilmiş, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Peşəkar kadr hazırlığı, beynəlxalq təcrübənin tətbiqi və müasir hərbi idarəetmə prinsiplərinin mənimsənilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsinə şərait yaratmışdır.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Bu qələbə xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və Ordumuzun yüksək döyüş hazırlığının parlaq təcəssümünə çevrildi.
Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atdı. Bununla yanaşı, ölkəmizin suveren hüquqlarına qarşı yönəlmiş təhdidlərin aradan qaldırılması məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Cəmi bir neçə saat ərzində uğurla başa çatan bu əməliyyat nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu və dövlət suverenliyi ölkənin bütün ərazisində tam şəkildə bərpa olundu.
Beləliklə, Vətən müharibəsində qazanılan şanlı qələbə və sonrakı antiterror tədbirləri Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş qabiliyyətini və müasir hərbi gücünü bir daha nümayiş etdirdi. Bu uğurlar ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsinə, dövlət müstəqilliyinin daha da güclənməsinə və xalqımızın milli qürur hissinin artmasına mühüm töhfə verdi.
Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin sərhədlərini qoruyan hərbi qüvvə deyil, həm də dövlətimizin qüdrətinin və xalqımızın iradəsinin rəmzidir. Ordumuzun sıralarında xidmət edən hər bir zabit, gizir və əsgər öz növbəsində vətənə sədaqət, dövlətə bağlılıq və xalqına xidmət nümunəsi göstərir. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, milli-mənəvi dəyərlərə bağlı olması da məhz bu güclü ənənələrin davamıdır.
Müasir dünyada təhlükəsizlik məsələləri hər bir dövlət üçün çox mühüm əhəmiyyət daşıyır. Müstəqil, suveren Azərbaycan da regionda sülhün və sabitliyin qorunmasına töhfə verən bir dövlət kimi öz müdafiə qabiliyyətini daim gücləndirir. Güclü iqtisadiyyat, müstəqil siyasət və qüdrətli ordu reallığı fonunda Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsidir ki, bu gün ölkəmizin beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlir, müstəqil, suveren respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibinə çevrilir.
Bu gün Azərbaycan Ordusu Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında öz inkişafını uğurla davam etdirir. Ordumuzun gücü, xalqımızın həmrəyliyi və dövlətimizin qətiyyətli, uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin ən etibarlı təminatıdır. Qəti əminliklə demək olar ki, Azərbaycan Ordusu bundan sonra da ölkəmizin milli maraqlarının qorunmasında və yeni uğurların əldə edilməsində mühüm rol oynayacaqdır.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini

Digər xəbərlər