PDF Oxu

Siyasət

  • 549

Azərbaycan–Türkmənistan münasibətləri: Türk dünyasının birliyinə xidmət edən strateji tərəfdaşlıq

image

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi köklərdən, ortaq dil və mədəni dəyərlərdən qaynaqlanan əlaqələr bu gün siyasi, iqtisadi və humanitar sahələrdə uğurla davam edir. İki ölkə arasında formalaşmış qarşılıqlı etimad və dostluq münasibətləri regionda sabitliyin, əməkdaşlığın və inteqrasiyanın mühüm amillərindən birinə çevrilib.

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Bakı ilə Aşqabad arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində yeni imkanlar açdı. Dövlət başçılarının bəyanatları bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan əlaqələri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regional və beynəlxalq əhəmiyyət daşıyan strateji məzmun kəsb edir.
Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ölkəmiz Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak etməklə regional əməkdaşlıq təşəbbüslərinin əsas təşviqçilərindən biri kimi çıxış edir. Bu baxımdan Türkmənistan Prezidentinin Azərbaycana səfəri iki qardaş ölkənin gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər.
Səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqlədi. Sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Türkmənistanın əməkdaşlığı xüsusilə Xəzər regionunda nəqliyyat və enerji layihələrinin inkişafı baxımından böyük önəm daşıyır. Hər iki dövlətin iştirak etdiyi Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutu kimi getdikcə daha böyük əhəmiyyət qazanır. Yükdaşımaların həcminin artırılması, logistika imkanlarının genişləndirilməsi və enerji resurslarının dünya bazarlarına təhlükəsiz şəkildə çıxarılması istiqamətində Bakı və Aşqabadın ortaq maraqları mövcuddur.
Azərbaycan-Türkmənistan yaxınlaşmasının ən mühüm cəhətlərindən biri isə onun bütövlükdə türk dünyasının birliyinə verdiyi töhfədir. Türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və mədəni əlaqələrin möhkəmlənməsi müasir dövrdə yeni geosiyasi reallıqlar formalaşdırır. Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin daha da inkişaf etməsi türk dövlətlərinin birgə fəaliyyət imkanlarını genişləndirir, Türk Dövlətləri Təşkilatının nüfuzunun artmasına və türk dünyasında həmrəyliyin güclənməsinə xidmət edir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun işğaldan azad olunmuş ərazilərimizə – Şuşa və Füzuliyə səfəri də xüsusi siyasi və mənəvi əhəmiyyətə malikdir. Son illərdə dost və tərəfdaş ölkələrin dövlət başçılarının Qarabağa səfərləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə dəstəkləndiyini bir daha nümayiş etdirir. Bu səfərlər eyni zamanda işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə beynəlxalq marağın göstəricisidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətli inkişaf və dirçəliş dövrünü yaşayır. Vaxtilə dağıntılarla üzləşmiş bu torpaqlar artıq beynəlxalq tədbirlərə və yüksək səviyyəli qonaqlara ev sahibliyi edir. Bu reallıq Azərbaycanın siyasi iradəsinin, iqtisadi gücünün və həyata keçirdiyi uğurlu dövlət siyasətinin nəticəsidir.
Azərbaycan ilə Türkmənistan arasında formalaşan strateji tərəfdaşlıq yalnız iki dost və qardaş ölkənin milli maraqlarına xidmət etmir. Bu əməkdaşlıq eyni zamanda Xəzər regionunda sabitliyin möhkəmlənməsinə, nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunmasına, eləcə də türk dünyasının daha sıx birləşməsinə və beynəlxalq arenada vahid mövqedən çıxış etməsinə mühüm töhfə verir.

Araz Xudadanov

YAP Sabunçu rayon təşkilatının sədri

Digər xəbərlər