PDF Oxu

Siyasət

  • 1 328

Azərbaycan və Türkmənistan arasında imzalanan sənədlər strateji tərəfdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir

image

Müasir dövlətlərarası münasibətlərin davamlı inkişafı yalnız siyasi iradə və qarşılıqlı etimadla deyil, həm də möhkəm hüquqi baza ilə təmin olunur. Dövlətlər arasında əldə olunan razılaşmaların institusional mexanizmlərlə dəstəklənməsi əməkdaşlığın uzunmüddətli və sistemli xarakter almasına imkan yaradır. Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin son illərdə yüksələn xətt üzrə inkişaf etməsi də məhz belə möhkəm hüquqi-siyasi təməllərə əsaslanır.
2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, mövcud tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaratdı. Səfər zamanı müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan–Türkmənistan əlaqələrinin gələcək inkişafına xidmət edəcək və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək. Bu sənədlər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi və humanitar münasibətlərin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Türkmənistan arasında formalaşmış hüquqi baza son illər ərzində əməkdaşlığın genişlənməsində mühüm rol oynayıb. İki ölkə arasında müxtəlif istiqamətlər üzrə imzalanmış sazişlər qarşılıqlı münasibətlərin etibarlı əsaslar üzərində qurulduğunu göstərir. Yeni sənədlər isə bu bazanı daha da zənginləşdirərək strateji tərəfdaşlığın institusional əsaslarını gücləndirir.
Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı baxımından imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistanın Orta Dəhliz boyunca artan rolu, tranzit imkanlarının genişlənməsi və yükdaşımaların həcminin yüksəlməsi bu istiqamətdə koordinasiyanın daha da artırılmasını zəruri edir. İmzalanmış razılaşmalar bu məqsədlərə nail olunmasına əlavə imkanlar yaradır.
Sənədlərin əhəmiyyəti yalnız iqtisadi və texniki məsələlərlə məhdudlaşmır. Onlar həm də iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər tərəflərin gələcək inkişaf hədəflərini birgə müəyyənləşdirməsinə şərait yaradır.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dayanıqlılığı məhz belə institusional mexanizmlərlə təmin edilir. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında imzalanan sənədlər iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinin təsadüfi deyil, uzunmüddətli və məqsədyönlü siyasətin nəticəsi olduğunu göstərir.
Prezident İlham Əliyevin bəyanatında ifadə olunan fikirlər də təsdiqləyir ki, Azərbaycan–Türkmənistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir və yeni məzmun qazanır. İmzalanan sənədlər isə bu inkişafın hüquqi təminatını formalaşdıraraq gələcək əməkdaşlıq üçün etibarlı platforma yaradır.
Beləliklə, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu sənədlər təkcə bugünkü əməkdaşlığın deyil, həm də gələcək birgə uğurların hüquqi və siyasi təməlini təşkil edir.

Mehdi Miriyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala rayon MKTİB-in rəisi

Digər xəbərlər