Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Astara Pedaqoji Kolleci və Astara Gənclər Evi SXM-nin dəstəyi ilə “26 İyun - Silahlı Qüvvələri Günü” münasibətilə “Güclü Ordunun Şanlı Tarixi” adlı tədbir keçirilib.
Şəhid ailələrin, qazi və müharibə iştirakçıların, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, YAP fəalları, gənclər və könüllülərin qatıldığı tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycanın xilaskarı Heydər Əliyevin YAP Astara rayon təşkilatındakı büstünün önünə tər güllər qoyulub böyük ehtiramla xatirəsi yad edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini sükutla anılmaqla başlayıb.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Rayon Veteranlar şurasının sədri Rafiq Əliyev, şəhid anası Hədiyyə Hüseynova, Astara Rayon İcra Hakimiyyətinin sektor müdiri, aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Turan Həsənzadə, ehtiyatda olan hərbçilər Bahadır Əhmədov, Valeh Aslanov, Rəşad Həsənov, Çingiz Rəhmanov çıxışlarında tədbir iştirakçılarını “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə səmimi qəlbdən təbrik edib və bildiriblər ki, bu əlamətdar gün Azərbaycan xalqının qürur mənbəyi olan Ordumuzun şərəfli qəhrəmanlıq tarixini əks etdirir. Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş, müstəqilliyimizin bərpasından sonra isə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müasir və peşəkar ordu quruculuğunun möhkəm təməli yaradılıb. Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə 1998-ci ildə 26 iyun tarixini Silahlı Qüvvələr Günü kimi təsis edilməsi ordumuzun həyatında xüsusi yer tutur.
Natiqlər onu da vurğulayıblar ki, bu gün Azərbaycan Ordusu öz qüdrəti, döyüş hazırlığı və yüksək peşəkarlığı sayəsində regionun ən güclü ordusudur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ordumuz Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, şanlı qəhrəmanlıq salnaməsini yazmışdır. Xalqımız Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda qan tökən şəhidlərin əziz xatirəsini həmişə əziz tutur, müharibə iştirakçılarına minnətdarlıq edir . Onların göstərdikləri şücaət və fədakarlıq gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq əbədi yaşayacaq.
Sonda partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü