PDF Oxu

Siyasət

  • 673

Azərbaycan-Türkmənistan əlaqələrində yeni üfüqlər açılır - ŞƏRH

image

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Bu, dövlət başçımızın bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Türkmənistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
Azərbaycan və Türkmənistan arasında formalaşan yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Dövlət başçılarının bir-birinə hörməti, daim aktual siyasi məsələlərdə koordinasiyalı yanaşmaları münasibətlərin əsasını təşkil edir. Hər iki dövlət həm regional, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyərək ortaq maraqlar naminə birgə fəaliyyət göstərirlər. 2026-cı il iyunun 22-23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana ilk dövlət səfəri iki ölkə arasında gələcək əməkdaşlığın prioritetlərini müəyyən edən yeni inkişaf mərhələsinin əsasını qoydu.
2026-cı il iyunun 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini qeyd etdilər. Prezident İlham Əliyev çıxışında bu səfərin ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb. Eyni zamanda iki ölkə arasında humanitar dinamikanın yüksək səviyyədə olduğunu bildirən dövlətimizin başçısı, ötən il Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyəti Günlərini və Türkmənistanda təşkil olunan Azərbaycan Mədəniyyət Günlərini buna parlaq nümunə kimi göstərib.
Prezident İlham Əliyevin çıxışında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına Azərbaycanın tamhüquqlu üzv qəbul edilməsinə Türkmənistanın verdiyi dəstəyə görə minnətdarlıq ifadə etməsi xüsusi geosiyasi məna daşıyır. Dövlət başçısının bu hadisəni “tarixi hadisə” kimi qiymətləndirməsi təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, tarixi, mədəni və iqtisadi baxımdan bu məkanla sıx bağlıdır. Son illər nəqliyyat-logistika xətlərinin genişlənməsi, Xəzər üzərindən artan ticarət və tranzit imkanları, Türk dünyası daxilində inteqrasiya proseslərinin sürətlənməsi Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinə yeni məzmun verib.
Azərbaycan və Türkmənistanın BMT, İƏT, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək, iki ölkənin beynəlxalq məsələlərdə yaxın mövqelərdən çıxış etdiyini və əməkdaşlığa xüsusi önəm verdiyini göstərir.Azərbaycan və Türkmənistanın formalaşdırdığı bu strateji ox təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır.
Ümumilikdə, Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan-Türkmənistan münasibətlərinin strateji xarakter daşıdığını, iki qardaş ölkənin regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji layihələrinin inkişafı, eləcə də türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ortaq mövqe nümayiş etdirdiyini bir daha təsdiqlədi. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər gələcəkdə ikitərəfli münasibətlərin daha da dərinləşəcəyinə və regionda sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək.
Sərdar Berdiməhəmmədovun 2026-cı il iyun səfəri və mətbuata verilən bəyanatlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri sadəcə iki qonşu dövlətin tərəfdaşlığı deyil, həm də ortaq tarixi köklərə söykənən sarsılmaz müttəfiqlikdir. Bakıda qəbul edilən qərarlar və Şuşada atılan müştərək addımlar regionun gələcək iqtisadi-siyasi mənzərəsini formalaşdıran mühüm amillərdən birinə çevrilməkdədir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər