Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Elnarə Akimova Vətən müharibəsinin qazisi Həsrət Quliyevi də ziyarət edib. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin ailələrinə, sağlamlığını itirən qazilərə diqqət və qayğı göstərmək dövlət siyasətinin prioritetlərindən biridir. Onların əziz xatirəsi gələcək nəsillərin yaddaşında daim yaşayacaqdır.