PDF Oxu

Siyasət

  • 554

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

image

Dövlətin müstəqilliyinin və suverenliyinin təminatçılarından biri güclü ordudur. Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu prioritet istiqamət kimi müəyyənləşdirdi. Ulu Öndərin Ali Baş Komandanlığı ilə vahid komandanlığa əsaslanan nizami ordu quruldu və inkişaf mərhələsinə qədəm qoydu.

Tarixə nəzər salsaq görərik ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrlarının yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Ulu Öndər Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərində təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də ordunun inkişafını daim diqqət mərkəzində saxlayaraq Azərbaycan Ordusunu qalib orduya çevirdi. Azərbaycan Ordusunun müasir və güclü silahlarla təchiz edilməsi, döyüş qabiliyyətinin daha da artırılması nəticəsində Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdi, dövlət suverenliyimizi bərpa etdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə həyata keçirilən hərbi əməliyyatlar bu gün dünyanın müxtəlif ölkələrində diqqətlə öyrənilir və hərbi dərsliklərə daxil edilir.
Ordumuzun döyüş meydanında qazandığı mühüm uğurlardan biri 2016-cı ilin Aprel döyüşləri oldu. Belə ki, 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci bəxş etməklə yanaşı, Ordumuza olan inamı daha da möhkəmləndirdi.
Azərbaycan Silahlı Qüvvələrinin daha bir uğuru 2018-ci ilin may ayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Ordumuz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi rəhbərliyi ilə 44 gün ərzində mütləq zəfərə nail oldu, işğalçı düşməni kapitulyasiya aktını imzalamağa məhkum etdi və 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad etdi.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Müzəffər Azərbaycan Ordusu ölkəmizin bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. Bunun nəticəsidir ki, bu gün biz Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq kimi böyük qürur hissi ilə qeyd edirik.
Əsası 26 iyun 1918-ci ildə qoyulmuş Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatçısıdır. Ordumuzun göstərdiyi şücaət, qəhrəmanlıq və peşəkarlıq hər bir azərbaycanlıda qürur hissi yaradır.

Xəzəngül Orucova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər