2026-cı il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirdikləri görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçılarının səsləndirdiyi fikirlər Azərbaycan–Türkmənistan münasibətlərinin yüksək səviyyədə olduğunu, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndiyini bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev çıxışında Türkmənistan Prezidentini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək, bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirib. O qeyd edib ki, aparılan təkbətək və geniştərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunub, gələcək əməkdaşlığın əsas prioritetləri müəyyənləşdirilib.
Dövlət başçısının bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri Türkmənistanın beynəlxalq aləmdə qazandığı uğurlara verilən yüksək qiymət olub. Prezident İlham Əliyev vurğulayıb: “Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik.” Bu fikir Azərbaycan xalqının qardaş Türkmənistan xalqına olan səmimi münasibətini, ölkələrimiz arasındakı tarixi, mədəni və mənəvi bağların gücünü ifadə edir. Həmçinin bu bəyanat Azərbaycanın Türkmənistanın beynəlxalq nüfuzunun artmasını və qlobal təşəbbüslərdə fəal iştirakını dəstəklədiyini göstərir.
Prezident İlham Əliyev çıxışında Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın bərpası prosesinə göstərdiyi dəstəyi də yüksək qiymətləndirib. O, xüsusilə Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünə görə Türkmənistan rəhbərliyinə təşəkkürünü bildirib və bunu qardaşlıq münasibətlərinin parlaq nümunəsi kimi dəyərləndirib.
Azərbaycan və Türkmənistan münasibətləri bu gün siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə uğurla inkişaf edir. Xəzər dənizi hövzəsində əməkdaşlıq, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələr iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir. Prezident İlham Əliyevin bəyanatı da məhz bu dostluq və qarşılıqlı etimad mühitinin ifadəsi kimi qiymətləndirilə bilər.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və keçirilən görüşlər Azərbaycan–Türkmənistan münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Bu münasibətlər gələcəkdə də hər iki ölkənin inkişafına və regionda əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı