PDF Oxu

Siyasət

  • 1 260

“Problemin həllində əsas məsuliyyət ailənin üzərinə düşür“ - EKSPERT DANIŞDI

image

“Uşaqların və yeniyetmələrin internetdən, mobil telefonlardan və sosial şəbəkələrdən həddindən artıq istifadəsi müasir dövrün ən aktual problemlərindən birinə çevrilib. Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsi olsa da, onların nəzarətsiz və həddindən artıq istifadəsi xüsusilə azyaşlıların psixoloji, sosial və fiziki inkişafına mənfi təsir göstərə bilir”.Bu sözləri SİA-ya açıqlamasında Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində ciddi narahatlıq doğurur:”Məhz buna görə də Avropanın müxtəlif dövlətlərində, xüsusilə Norveçdə və digər ölkələrdə məktəblərdə mobil telefonlardan istifadəyə müəyyən məhdudiyyətlər tətbiq edilir. Bu addımlar şagirdlərin diqqətinin təhsilə yönəldilməsi və onların sosial şəbəkələrdən asılılığının qarşısının alınması məqsədi daşıyır.Problemin həlli istiqamətində müxtəlif ölkələr fərqli yanaşmalar tətbiq edirlər. Məsələn, Çində uşaqların internet və sosial şəbəkələrdən istifadəsi ilə bağlı ciddi qaydalar mövcuddur. Bu ölkədə müəyyən yaş qrupları üçün internetdən istifadə vaxtı məhdudlaşdırılır və rəqəmsal platformalara çıxış üzərində xüsusi nəzarət mexanizmləri tətbiq olunur. Türkiyədə də son illər uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra addımlar atılıb, onların sosial şəbəkələrdən istifadəsinə dair müəyyən tənzimləmələr həyata keçirilib. Bu təcrübələr göstərir ki, dövlətlər problemin miqyasını nəzərə alaraq müxtəlif preventiv tədbirlər görməyə çalışırlar.Sosial şəbəkələr və internet mühiti uşaqlar üçün həm faydalı imkanlar yaradır, həm də müxtəlif təhlükələr ehtiva edir. Kiberzorakılıq, dələduzluq, zərərli məzmun, şəxsi məlumatların oğurlanması və psixoloji təsirlər bu risklər sırasında xüsusi yer tutur. Təəssüf ki, bəzi hallarda valideynlər uşaqlarının internetdə hansı məzmunlarla qarşılaşdığına və vaxtlarını necə keçirdiyinə kifayət qədər nəzarət edə bilmirlər. Nəticədə uşaqlar müxtəlif təhlükələrlə üz-üzə qalır və bu da onların davranışlarına, təhsilinə və ümumi inkişafına mənfi təsir göstərir.Problemin həllində əsas məsuliyyət ailənin üzərinə düşür. İnternetin və rəqəmsal texnologiyaların tam şəkildə məhdudlaşdırılması artıq mümkün deyil. Çünki müasir dünyada təhsil, iş fəaliyyəti, informasiya əldə etmək və ünsiyyət qurmaq kimi vacib sahələr internet üzərindən həyata keçirilir. Buna görə də ən effektiv yol valideyn nəzarətinin gücləndirilməsi, uşaqlarla maarifləndirici söhbətlərin aparılması və onların rəqəmsal savadlılığının artırılmasıdır. Uşaqlar internetdən düzgün və təhlükəsiz istifadə qaydalarını öyrənməli, valideynlər isə bu prosesdə daha fəal iştirak etməlidirlər. Yalnız bu halda rəqəmsal texnologiyaların üstünlüklərindən yararlanmaqla yanaşı, onların yaratdığı riskləri minimuma endirmək mümkün olacaq”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər