2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək və geniş tərkibdə görüşlər keçirilmiş, iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunmuşdur. Görüşlərin yekununda dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmiş və bir sıra mühüm sənədlərin mübadiləsi həyata keçirilmişdir.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, xalqlarımızı ortaq tarixi köklər, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. O, səfərin ölkələr arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirmişdir. Prezident həmçinin enerji, nəqliyyat-logistika, ticarət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.
Bəyanatda xüsusi olaraq enerji və nəqliyyat sahələrinə toxunulmuşdur. Azərbaycan və Türkmənistanın Xəzər regionunda mühüm tərəfdaşlar olduğu vurğulanmış, Orta Dəhlizin inkişafı və Şərq-Qərb nəqliyyat marşrutlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyəti qeyd edilmişdir. Prezident İlham Əliyev iki ölkənin regional sabitlik və iqtisadi inkişaf naminə birgə fəaliyyət göstərdiyini bildirmişdir. Bundan əlavə, Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Türkmənistana təşəkkür ifadə olunmuşdur.
Səfərin ən mühüm nəticələrindən biri iki ölkə arasında geniş əməkdaşlıq paketinin imzalanması olmuşdur. İlk olaraq Azərbaycan və Türkmənistan prezidentləri Birgə Bəyanat imzalamışlar. Bununla yanaşı, gömrük sahəsində ilkin məlumat mübadiləsi və gömrük statistikası üzrə əməkdaşlıq sənədləri qəbul edilmişdir. Bu sənədlər ticarət dövriyyəsinin artırılmasına və yükdaşımaların daha səmərəli təşkilinə xidmət edir.
Həmçinin gənclər və idman, əmək və sosial müdafiə, səhiyyə, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində əməkdaşlıq haqqında memorandum və sazişlər imzalanmışdır. Bu sənədlər sosial sahədə təcrübə mübadiləsini genişləndirməklə yanaşı, əhalinin rifahının yüksəldilməsinə də töhfə verəcəkdir.
İqtisadi əməkdaşlığın inkişafı məqsədilə sənaye sahəsində 2026–2028-ci illər üzrə əməkdaşlıq proqramı, energetika sahəsində əməkdaşlıq haqqında saziş, iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında saziş, eləcə də maliyyə qurumları arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Xarici işlər nazirlikləri arasında 2026–2029-cu illər üçün əməkdaşlıq proqramı da tərəflərin qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə xidmət edəcəkdir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat və imzalanmış çoxsaylı sənədlər göstərir ki, hər iki ölkə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütövlükdə regionun iqtisadi inkişafına, nəqliyyat əlaqələrinin genişlənməsinə və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı