Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Bu səfər təkcə diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən Azərbaycan–Türkmənistan əməkdaşlığının gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Bakı ilə Aşqabad arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqlədi.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin əsasında möhkəm tarixi bağlar, ortaq mədəni irs və dərin mənəvi yaxınlıq dayanır. Hər iki xalq eyni etnik köklərə, oxşar adət-ənənələrə və zəngin mədəni irsə malikdir. Əsrlər boyu formalaşan bu qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın möhkəm təməli kimi çıxış edir. Məhz bu amillər sayəsində Azərbaycan və Türkmənistan bu gün regionun ən etibarlı tərəfdaşlarından biri kimi çıxış edirlər.
Səfər zamanı diqqət mərkəzində olan əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Türkmənistanın göstərdiyi qardaş dəstəyi oldu. Prezident İlham Əliyev Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscid tikintisinin həyata keçirilməsini yüksək qiymətləndirdi. Bu layihə yalnız humanitar yardım nümunəsi deyil, eyni zamanda Qarabağın yenidən qurulmasına və bölgədə həyatın bərpasına verilən mənəvi dəstəyin parlaq təzahürüdür. Füzulidə inşa edilən məscid Azərbaycan və Türkmənistan xalqları arasında dostluğun, qardaşlığın və həmrəyliyin simvoluna çevrilir.
Azərbaycan–Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisələrdən biri də Azərbaycanın Türkmənistan tərəfinə müasir tanker hədiyyə etməsi oldu. Xəzər dənizində nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə xidmət edən bu addım iki ölkə arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. Enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdiyi bir dövrdə belə bir təşəbbüs tərəflərin uzunmüddətli inkişaf planlarının və ortaq maraqlarının göstəricisidir.
Müasir dövrdə Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Qlobal geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Bu baxımdan Bakı və Aşqabad Şərqlə Qərbi birləşdirən mühüm tranzit mərkəzləri kimi çıxış edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təhlükəsiz və etibarlı nəqliyyat marşrutlarının sayı dünyada çox deyil və bu səbəbdən ölkələr arasında koordinasiya xüsusi əhəmiyyət daşıyır.
Xəzər dənizi üzərindən daşınan yüklərin həcminin ildən-ilə artması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının imkanlarının genişləndirilməsi regionun tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldir. Son illərdə Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan marşrutu üzrə formalaşan yeni yük axınları da göstərir ki, Azərbaycan və Türkmənistan Avrasiya məkanında mühüm logistika qovşaqlarına çevrilməkdədirlər. Bu əməkdaşlıq yalnız iqtisadi gəlirlər baxımından deyil, həm də regionun geostrateji əhəmiyyətinin artırılması nöqteyi-nəzərindən mühüm rol oynayır.
Səfər çərçivəsində imzalanan sənədlər də tərəflərin əməkdaşlığı konkret nəticələr üzərində qurduğunu nümayiş etdirdi. Nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, gömrük məlumatlarının elektron mübadiləsi, iqtisadi əlaqələrin inkişafı və humanitar əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə edilən razılaşmalar iki ölkənin strateji baxışının göstəricisidir. Bu sənədlər ticarət dövriyyəsinin artmasına, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə, həmçinin regionun tranzit imkanlarından daha effektiv istifadə olunmasına şərait yaradacaq.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın verdiyi dəstəyə görə minnətdarlığını ifadə etməsi oldu. Dövlət başçısının bu hadisəni tarixi addım kimi dəyərləndirməsi təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixən, mədəni və mənəvi baxımdan Mərkəzi Asiya xalqları ilə sıx bağlıdır. Müasir dövrdə enerji layihələri, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq bu əlaqələri daha da möhkəmləndirir.
Azərbaycan və Türkmənistan arasında formalaşan əməkdaşlıq artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq daha geniş regional əhəmiyyət kəsb edir. Bu tərəfdaşlıq türk dünyasının inteqrasiyasına, Xəzər hövzəsində sabitliyin və rifahın möhkəmləndirilməsinə, eləcə də Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat körpülərinin qurulmasına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, güclü siyasi iradə və qarşılıqlı etimad olmasaydı, mövcud coğrafi imkanlardan səmərəli şəkildə istifadə etmək mümkün olmazdı.
Bu gün Azərbaycan və Türkmənistan yalnız dost və qardaş dövlətlər deyil, həm də regionun gələcəyini müəyyənləşdirən mühüm strateji tərəfdaşlardır. Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat marşrutlarının inkişafı, iqtisadi inteqrasiyanın gücləndirilməsi və türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə fəaliyyət bunu bir daha təsdiqləyir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri isə iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyini, əməkdaşlığın yeni uğurlarla zənginləşəcəyini və qardaşlıq əlaqələrinin gələcək nəsillər üçün də etibarlı təməl olaraq qalacağını göstərən mühüm siyasi hadisə kimi tarixə düşür.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı