PDF Oxu

Siyasət

  • 521

Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq kimi qeyd edirik - ŞƏRH

image

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə xüsusi tarix deyil, həm də milli qürurun, dövlətçilik düşüncəsinin və xalqın sarsılmaz iradəsinin simvoluna çevrilmişdir. 26 İyun – Silahlı Qüvvələr Günü də məhz belə əlamətdar günlərdəndir. Bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, dövlətimizin müdafiə qüdrətini və xalqımızın Vətən sevgisini özündə ehtiva edir. Lakin bu günün mənası artıq əvvəlki illərlə müqayisədə daha fərqli, daha dərin məna daşıyır. Bu gün biz Silahlı Qüvvələr Gününü müzəffər ordunun, qalib xalqın nümayəndələri kimi qeyd edirik.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb siyasi və hərbi vəziyyətlə üz-üzə qalmışdı. Dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordunun yaradılması və ölkənin təhlükəsizliyinin təmin edilməsi qarşıda duran ən mühüm vəzifələrdən idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Peşəkar, intizamlı və müasir Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın müdafiə potensialını ildən-ilə gücləndirdi. Sonrakı dövrdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu siyasət ardıcıl şəkildə davam etdirildi, ordunun maddi-texniki bazası gücləndirildi, ən müasir silah və hərbi texnika ilə təchiz olunması təmin edildi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Azərbaycan Ordusunun gücü yalnız silahlanma ilə deyil, hər bir əsgər və zabitin Vətənə sədaqəti, döyüş ruhu, yüksək vətənpərvərlik hissi və mənəvi hazırlığı ilə ölçülür. Ordu ilə xalq arasında möhkəm birlik formalaşdıqca dövlətin gücü də artır. Məhz bu birlik Azərbaycanın ən böyük üstünlüklərindən biri oldu. Çünki güclü ordunun arxasında ona inanan, ona güvənən və onu dəstəkləyən güclü xalq dayanırdı.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq, müasir döyüş taktikası və misilsiz qəhrəmanlıq nümayiş etdirərək uzun illər işğal altında qalmış torpaqlarımızı azad etdi. Bu Zəfər təkcə hərbi uğur deyildi. Bu, beynəlxalq hüququn bərpası, tarixi ədalətin təmin olunması, xalqın milli qürurunun özünə qaytarılması idi. Əsgər və zabitlərimizin göstərdiyi igidlik bütün dünyaya sübut etdi ki, Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir.

Qazanılmış Zəfər Azərbaycanın gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcı oldu. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, müasir şəhər və kəndlərin salınması, yolların, məktəblərin, xəstəxanaların, hava limanlarının tikilməsi dövlətimizin gücünü və xalqımızın quruculuq əzmini bir daha nümayiş etdirir. Bu gün həmin torpaqlarda üçrəngli bayrağımızın dalğalanması minlərlə şəhidimizin qanı, qazilərimizin fədakarlığı və ordumuzun qəhrəmanlığı hesabına mümkün olmuşdur.

2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu. Bununla da uzun illər davam edən münaqişəyə son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və konstitusiya quruluşu tam təmin edildi. Bu tarixi hadisə Azərbaycan xalqının birliyinin, siyasi iradəsinin və Silahlı Qüvvələrimizin peşəkarlığının növbəti parlaq təzahürü oldu.

Bu gün Azərbaycan əsgərinin adı qəhrəmanlıq, mərdlik və vətənpərvərlik anlayışları ilə yanaşı çəkilir. Onların göstərdiyi şücaət gənc nəslin milli ruhda formalaşmasına, Vətən sevgisinin daha da güclənməsinə mühüm töhfə verir. Hər bir gənc bilir ki, Vətəni qorumaq yalnız hərbçilərin deyil, bütövlükdə hər bir vətəndaşın mənəvi borcudur. Məhz bu düşüncə milli həmrəyliyi möhkəmləndirən əsas amillərdən biridir.

Silahlı Qüvvələr Günü artıq sadəcə ordunun peşə bayramı deyil. Bu tarix xalqımızın qazandığı böyük Zəfərin, milli birliyin, dövlətimizin qüdrətinin və şəhidlərimizin müqəddəs xatirəsinin ehtiramla yad edildiyi əlamətdar gündür. Biz bu günü başımız uca, alnımız açıq, qalib xalqın nümayəndələri kimi qeyd edirik. Çünki Azərbaycan Ordusu öz gücünü döyüş meydanında sübut edib, xalqımız isə tarix boyu arzuladığı Zəfəri əldə edib.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, qazilərimizin fədakarlığı daim yüksək qiymətləndiriləcək. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olaraq qalacaq. Dövlətimizin güclü ordusu isə Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının ən etibarlı təminatıdır.

Bu gün 26 İyun – Silahlı Qüvvələr Gününü qeyd edərkən hər bir azərbaycanlı böyük qürur hissi keçirir. Çünki artıq biz bu bayramı həsrət içində deyil, Zəfərin sevincini yaşamış, torpaqlarını azad etmiş, suverenliyini tam bərpa etmiş, müzəffər ordunun və qalib xalqın nümayəndələri kimi qarşılayırıq. Bu qələbə tariximizin ən şərəfli səhifələrindən biri olmaqla yanaşı, gələcək nəsillərə milli birlik, Vətən sevgisi və dövlətə sədaqət ruhunda ötürüləcək ən böyük mənəvi mirasdır.

Cəmilə Hüseynova

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri, partiya fəalı

Digər xəbərlər