PDF Oxu

Siyasət

  • 1 046

Azərbaycan–Türkmənistan münasibətlərinin müasir inkişaf mərhələsi - ŞƏRH

image

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 22 iyun 2026-cı il tarixində Azərbaycana dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısı çıxışında Azərbaycan ilə Türkmənistan arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulamışdır.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə əsaslandığını qeyd etmişdir. O bildirmişdir ki, xalqlarımızı əsrlər boyu möhkəm dostluq və qardaşlıq telləri birləşdirib və bu ənənələr bu gün də uğurla davam etdirilir. Dövlət başçısı vurğulamışdır ki, son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm siyasi dialoq iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaratmışdır.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə göstərilən dəstəyə görə Türkmənistan tərəfinə minnətdarlığını ifadə etmişdir. O, xüsusilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Qarabağda həyata keçirilən layihələrin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmiş və “Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim” fikrini səsləndirmişdir.

Prezident İlham Əliyev həmçinin Türkmənistanın beynəlxalq aləmdə qazandığı uğurlara da toxunmuşdur. O bildirmişdir ki, Azərbaycan Türkmənistanın beynəlxalq nüfuzunun artmasını, onun regional və qlobal miqyasda həyata keçirdiyi təşəbbüslərin uğur qazanmasını böyük məmnunluqla qarşılayır. Dövlət başçısı qeyd etmişdir ki, “Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik”. Bu fikir Azərbaycan və Türkmənistan arasında qarşılıqlı hörmətə, etimada və dəstəyə əsaslanan münasibətlərin bariz ifadəsidir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir və bir-birinin təşəbbüslərini dəstəkləyir.

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. İmzalanan sənədlər siyasi, iqtisadi, nəqliyyat-logistika və gömrük sahələrində əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Həmçinin dövlət başçılarının Birgə Bəyanatı qəbul olunmuş, bu da ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir.

Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq təşəbbüslərini dəstəkləyirlər. Ümumilikdə, Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan ilə Türkmənistan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin, dostluğun və qardaşlığın daha bir təsdiqi olmuşdur. Səfər zamanı aparılan müzakirələr və imzalanan sənədlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və strateji tərəfdaşlıq yeni məzmunla zənginləşəcəkdir. Azərbaycan və Türkmənistan arasındakı münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq regionda sabitliyə, təhlükəsizliyə və rifaha mühüm töhfə verməyə davam edəcəkdir.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər