PDF Oxu

Siyasət

  • 918

Azərbaycan–Türkmənistan qardaşlığı yeni inkişaf mərhələsində - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də ölkəmizə dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Türkmənistan münasibətlərinin yüksək səviyyəsini, qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın gələcək perspektivlərini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər möhkəm tarixi köklərə, ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə söykənir. Dövlət başçılarının həm təkbətək, həm də geniş tərkibdə keçirdikləri görüşlər zamanı ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Türkmənistan rəhbərliyinə və türkmən xalqına minnətdarlığını ifadə edib. Xüsusilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinə başlanılması qardaş ölkənin Azərbaycana olan səmimi münasibətinin və mənəvi dəstəyinin bariz nümunəsi kimi qiymətləndirilib.

Dövlət başçısı səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyini bildirib. İqtisadiyyat, nəqliyyat, logistika, enerji, humanitar və digər sahələri əhatə edən bu sənədlər strateji tərəfdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyev Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində göstərdiyi fəal dəstəyə görə xüsusi təşəkkürünü bildirib. Dövlət başçısı bunu tarixi hadisə kimi qiymətləndirərək qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, ortaq tarix, mədəni əlaqələr və müasir dövrdə formalaşan nəqliyyat-logistika əməkdaşlığı ölkəmizin bu regionla sıx bağlılığını şərtləndirir.

Bəyanatda nəqliyyat və logistika sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkmənistanın birgə səyləri nəticəsində formalaşan etibarlı nəqliyyat marşrutları bu gün təkcə region ölkələri üçün deyil, geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına, yükdaşımaların artmasına və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.

Enerji sahəsində əməkdaşlıq da iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. Zəngin enerji resurslarına malik Azərbaycan və Türkmənistanın bu sahədə səylərini birləşdirməsi regionun enerji təhlükəsizliyinin təmin olunmasına və yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirib. Türkmənistanın davamlı inkişaf yolu, müasir şəhərsalma layihələri, infrastrukturun yenilənməsi və beynəlxalq nüfuzunun artması qardaş ölkənin uğurlu dövlət siyasətinin nəticəsi kimi dəyərləndirilib. Eyni zamanda, Azərbaycanın Türkmənistanın beynəlxalq aləmdə tanınan neytrallıq siyasətini daim dəstəklədiyi və bundan sonra da dəstəkləyəcəyi vurğulanıb.

Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu əlaqələr gələcəkdə daha da möhkəmlənərək Türk dünyasının birliyinə, regional əməkdaşlığa və ümumi rifaha mühüm töhfələr verməyə davam edəcək.

Böyükağa Axundov

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı

Digər xəbərlər