26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və könüllüləri Azərbaycan Hərb Tarixi Muzeyində olublar.
Məlumat verilib ki, Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Muzeydə dünyaşöhrətli siyasi xadim, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri də nümayiş olunur. Muzeydə əsrlər öncə istifadə edilən silahlardan tutmuş, hazırda Azərbaycan Ordusunda yer alan müasir silahların maketləri və həqiqi vahidləri sərgilənir.
Gənclər və könüllülər açıq havada sərgilənən hərbi texnikalarla da tanış olublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketləri maraqla qarşılanıb. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək ziyarətçilərin suallarını cavablandırıb.
Muzeylə tanışlıq gənclərdə və könüllülərdə yüksək təəssürat yaradıb.