Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olan ordu quruculuğu tarix boyu milli təhlükəsizliyin təminatında həlledici rol oynamışdır. Müstəqillik əldə etdikdən sonra isə bu məsələ daha da strateji xarakter almış, dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu böyük və şərəfli yolun təməlində Ulu Öndər Heydər Əliyev dayanır və onun ən parlaq nəticəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış 44 günlük tarixi Zəfərdir.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Dövlət müstəqilliyi yenicə bərpa olunmuş, lakin ölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və hərbi məğlubiyyətlər hökm sürürdü. Orduda nizamsızlıq, vahid komandanlığın olmaması və fərqli silahlı dəstələrin fəaliyyəti vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə götürərək dövlətçiliyin əsaslarını yenidən qurdu. Onun həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində ölkədə sabitlik bərqərar edildi və ordu quruculuğuna sistemli yanaşmanın əsası qoyuldu.
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan ordusu köklü şəkildə yenidən formalaşdırıldı: vahid komandanlıq sistemi yaradıldı, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, nizami və peşəkar ordu quruculuğuna start verildi, hərbi intizam və idarəetmə mexanizmləri təkmilləşdirildi.
1994-cü ildə əldə edilən atəşkəs bu prosesin daha planlı və ardıcıl şəkildə həyata keçirilməsinə imkan yaratdı. Bu mərhələdə artıq ordu quruculuğu yalnız zərurət deyil, strateji inkişaf xəttinə çevrildi.
Ulu Öndər Heydər Əliyev ordu quruculuğunda insan faktoruna xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə hərbi lisey və akademiyalar inkişaf etdirildi, peşəkar zabit korpusu formalaşdırıldı və gənclər arasında vətənpərvərlik ruhu gücləndirildi.
Bu siyasət nəticəsində Azərbaycan Ordusu yalnız texniki baxımdan deyil, həm də mənəvi-psixoloji baxımdan gücləndi.
Ulu Öndərin müəyyən etdiyi strateji kurs bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Azərbaycan artıq yalnız müdafiə olunan deyil, həm də öz milli maraqlarını təmin edə bilən güclü dövlət kimi tanınır.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan əsgərinin rəşadəti və xalq–ordu birliyi nəticəsində 44 gün ərzində möhtəşəm Zəfər qazanıldı. İşğal altında olan torpaqlar azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu.
44 günlük Şanlı Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun inkişafı davam edir. Yeni hərbi hissələr yaradılır, azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur və ordunun döyüş qabiliyyəti daha da artırılır. Bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, daha geniş coğrafiyanın güc balansında mühüm rol oynayan bir hərbi qüvvəyə çevrilmişdir.
Nizami ordu quruculuğu Azərbaycan tarixində Heydər Əliyev zirvəsi ilə başlanmış, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər mərhələsinə yüksəlmişdir. Bu yol sübut edir ki, güclü dövlətin əsası güclü ordudan keçir. Azərbaycan isə bu gün həm möhkəm siyasi iradəyə, həm də qalib orduya sahib olan qüdrətli dövlətdir.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı