Ortaq tarixi, mədəni və mənəvi dəyərlər iki xalqı bir-birinə daha da yaxınlaşdırmışdır. Bu amillər ölkələrimiz arasında möhkəm əlaqələrin formalaşmasında mühüm rol oynamışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan və Türkmənistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq daha da genişlənmişdir. Azərbaycan və Türkmənistan arasında siyasi əlaqələr yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri və keçirilən görüşlər münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi əhəmiyyət daşıyır və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün möhkəm əsas yaradır. İki ölkə enerji sahəsində də sıx əməkdaşlıq edir. Bu istiqamətdə imzalanmış enerji sahəsində əməkdaşlıq haqqında memorandumlar neft və qaz ehtiyatlarından səmərəli istifadə və yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açmışdır. Xəzər dənizi ilə bağlı əldə olunmuş razılaşmalar da bu əməkdaşlığın mühüm hissəsini təşkil edir. Nəqliyyat və logistika sahəsində imzalanmış Azərbaycan–Türkiyə–Türkmənistan üçtərəfli nəqliyyat sənədi və digər razılaşmalar yükdaşımaların artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə və Orta Dəhlizin inkişafına şərait yaradır. İqtisadi və ticarət əlaqələrinin inkişafı məqsədilə qəbul olunmuş ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişlər, gömrük sahəsində əməkdaşlıq sənədləri və ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş qarşılıqlı ticarətin genişlənməsinə və sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Kənd təsərrüfatı, ekologiya, təhsil, səhiyyə və mədəniyyət sahələrində imzalanmış sənədlər də əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Baytarlıq və fitosanitar əməkdaşlıq, eləcə də təhsil, mədəniyyət və səhiyyə sahələrində bağlanmış memorandumlar iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. Nəticə etibarilə, Azərbaycan və Türkmənistan arasında imzalanmış çoxsaylı sənədlər dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəm hüquqi əsasını təşkil edir. Bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığın inkişafına şərait yaradır və əlaqələrin gələcəkdə daha da genişlənməsinə zəmin yaradır.
Sunay Heydərova
YAP Şərur rayon təşkilatının fəal üzvü