“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşəbbüsü ilə gənclər üçün Azərbaycan Hərb Tarixi Muzeyinə və Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib.
Ekskursiyanın keçirilməsində əsas məqsəd gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, hərb tariximizə marağının artırılması, ölkəmizin zəngin hərbi ənənələrinin və tarixi Zəfərimizin daha yaxından tanıdılması, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu, xalqımızın qəhrəmanlıq salnaməsi və hərbi tariximiz haqqında məlumatların gənclər arasında təbliğidir.
Ekskursiya iştirakçıları əvvəlcə Azərbaycan Hərb Tarixi Muzeyi ilə tanış olublar. Burada onlara hərb tariximizin müxtəlif dövrlərini əks etdirən eksponatlar, hərbi geyim nümunələri, silahlar və tarixi sənədlər barədə ətraflı məlumat verilib.
Daha sonra gənclər Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Parkda Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbə nəticəsində qənimət kimi götürülmüş hərbi texnikalar, silah-sursat və digər eksponatlar böyük maraqla qarşılanıb. Ekskursiya zamanı iştirakçılara Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və əsgər-zabitlərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlar barədə geniş məlumat verilib.
Ekskursiya iştirakçıları belə tədbirlərin hərbi tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılığın və Vətən qarşısında məsuliyyət hissinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Onlar Azərbaycan Hərb Tarixi Muzeyinin və Hərbi Qənimətlər Parkının keçmişdən bu günə uzanan qürurlu mübarizə yolumuzun canlı şahidləri olduğunu vurğulayıblar.