PDF Oxu

Siyasət

  • 1 312

Güclü ordu milli təhlükəsizliyin əsas qarantıdır

image

Ordu hər bir dövlətin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatçısıdır. Güclü ordu xarici təhdidlərə qarşı müdafiə vasitəsi, eyni zamanda dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunması və milli maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın dövlətçilik tarixində də ordu quruculuğu xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”. Bu fikir Azərbaycan dövlətçiliyinin əsas strateji xətti kimi bu gün də öz aktuallığını qoruyur. Məhz xalqın dəstəyi və dövlətin ardıcıl siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilib.

Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ 1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra Ümummilli Lider gələcək müstəqil dövlətin əsas dayaqlarından biri kimi milli hərbi kadr potensialının formalaşdırılmasına xüsusi diqqət yetirirdi. 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılması bu istiqamətdə atılmış ən mühüm addımlardan biri oldu. Sonrakı illərdə yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrinə göndərilməsi milli zabit korpusunun formalaşmasına mühüm töhfə verdi.
1990-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü və nizami ordunun olmaması Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Məhz xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə başıpozuq silahlı dəstələri ləğv edərək vahid komandanlığa tabe nizami ordunun yaradılmasına nail oldu.
1994-cü ildə əldə olunan atəşkəsdən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi, döyüş hazırlığı artırıldı, peşəkar zabit heyətinin yetişdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Həmin tarixdən etibarən bu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
1999-cu ildə Hərbi Akademiyanın yaradılması, sonrakı illərdə hərbi təhsil sisteminin təkmilləşdirilməsi milli hərbi kadr potensialının inkişafına mühüm təkan verdi. Azərbaycanın NATO ilə əməkdaşlığının genişləndirilməsi, “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı Silahlı Qüvvələrimizin müasir standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı.
2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biri elan edildi.
Hərbi büdcənin davamlı şəkildə artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması, peşəkar hazırlığın yüksəldilməsi istiqamətində görülən işlər qısa müddətdə öz nəticəsini verdi. Bu gün Azərbaycan müdafiə sənayesində minlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və ordunun təchizatında mühüm rol oynayır.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Düşmənin təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji yüksəkliklər və ərazilər azad edildi. 2 il sonra - 2018-ci ildə Günnüt əməliyyatı isə Ordumuzun növbəti uğuru oldu. Naxçıvan istiqamətində əlverişli mövqelərin nəzarətə götürülməsi hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı.
Bu uğurların məntiqi davamı kimi 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixində yeni səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etdi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi.
2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan Ordusu ən müasir döyüş təcrübəsinə malik, yüksək hazırlıqlı və çevik hərbi gücdür.
Vətən müharibəsindən sonra əldə edilən təcrübə əsasında Azərbaycan Ordusunda mühüm struktur islahatları həyata keçirilir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin tətbiqi ordumuzun döyüş qabiliyyətini daha da yüksəldib.
2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması hərbi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində mühüm addım oldu. Gənclərin hərbi təhsilə marağının artırılması, kursantlar üçün sosial təminat mexanizmlərinin genişləndirilməsi gələcək zabit korpusunun formalaşmasına xidmət edir.
Azərbaycanın müxtəlif tərəfdaş ölkələrlə hərbi əməkdaşlığı da Silahlı Qüvvələrimizin inkişafına mühüm töhfələr verir.
Bu gün Azərbaycan Ordusu dünyanın nüfuzlu hərbi reytinqlərində ön sıralarda yer alır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.
Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbçilərimizin peşəkarlığı sayəsində Azərbaycan xalqı bu gün qürurla yaşayır. Əldə etdiyimiz böyük Zəfər regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Yeni geosiyasi reallıqların təməlində isə həm də Azərbaycanın hərbi qüdrəti dayanır.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Digər xəbərlər