PDF Oxu

Siyasət

  • 652

İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi - TƏHLİL

image

Prezident İlham Əliyev: “Ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamışdır”

“Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib”. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində yer alıb. “Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik”, - deyə Azərbaycan Prezidentinin müraciətində vurğulanıb. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. Təşkilat ötən dövrdə üzv ölkələr arasında dialoqun, sülhün və davamlı inkişafın təşviqinə mühüm töhfələr verib. Son 30 ildə İƏT və İƏT Parlament İttifaqı tərəfindən Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qərarlar və qətnamələr qəbul edilib. Azərbaycan İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini kimi əsl mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.

İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa Azərbaycan yüksək dəstək gstərib. Bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir. Bu tədbir son dərəcə mürəkkəb bir dövrdə baş tutub. Beynəlxalq ədalət sistemində uçurum dərinləşir, İslam aləmi isə ciddi çağırışlarla üz-üzədir. Dağıdıcı müharibələr xalqları tükəndirir, qlobal ərzaq təhlükəsizliyinə və enerji təminatına birbaşa təsir göstərir. Dünyada artan mürəkkəb çağırışlar və dərin dəyişikliklər fonunda artan bərabərsizliklər və qlobal problemlər dövlətlərin qarşısında yeni vəzifələr qoyur. Belə bir şəraitdə parlamentlərin və parlamentarilərin rolu getdikcə daha da artır.

“Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezident bildirib.

AZƏRBAYCANIN HAQQ İŞİNİ, SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYƏN, AZAD OLUNMUŞ ƏRAZİLƏRİMİZDƏ BƏRPA VƏ QURUCULUQ İŞLƏRİNİ ALQIŞLAYAN QƏTNAMƏLƏR VƏ BƏYANATLAR QƏBUL ETMİŞDİR

Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlara - məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir dövlət olmaqla yanaşı, milli dəyərlərə və adət-ənələrinə böyük hörmətlə yanaşan bir ölkədir. Ölkəmizdə din-dövlət münasibətləri formalaşıb. İslami dəyərlər milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir və Azərbaycan islamı olduğu kimi - sülh, mərhəmət dini kimi dünyaya çatdırmaq istiqamətində tədbirlər həyata keçirir. Azərbaycan müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malikdir və bütün müsəlman ölkələri ilə sıx əlaqələr quraraq beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyirlər. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi islam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Azərbaycan həm də bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəsini verir.

Bu il artıq Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. ”Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur. Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”, - deyə Prezident bildirib. Dövlət başçımız işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdıldığını və talan olunğunu qeyd edib. 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur: “Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olmuşdur”.

“İSLAMOFOBİYA YALNIZ MÜSƏLMANLARA QARŞI DÖZÜMSÜZLÜK HALI DEYİL, QARŞILIQLI ANLAŞMAYA VƏ DİNC BİRGƏYAŞAYIŞA TƏHDİD YARADAN TƏHLÜKƏLİ TENDENSİYADIR”

Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. İƏT Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstək göstərib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul etmişdi. İƏT Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Bildiyimiz kimi, İƏT-in Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yaymışdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Torpaqlarımızın işğaldan azad olunmasında hər zaman Azərbaycanı dəstəkləmişdir.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır. “Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır”, - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər