Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan qardaşlıq əlaqələri üzərində formalaşıb. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsi olmaqla yanaşı, əsrlər boyu qarşılıqlı hörmət və dostluq münasibətlərini qoruyub saxlamışdır. Müstəqillik əldə etdikdən sonra bu əlaqələr yeni məzmun qazanaraq dövlətlərarası əməkdaşlıq səviyyəsinə yüksəlmiş və bu gün strateji tərəfdaşlıq xarakteri almışdır.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur. İkitərəfli əlaqələrin inkişafında diplomatik nümayəndəliklərin fəaliyyəti mühüm rol oynayır. Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi 8 iyun 1999-cu ildə, Azərbaycanın Türkmənistandakı Səfirliyi isə 18 oktyabr 2002-ci ildə fəaliyyətə başlamışdır. Bu diplomatik təmaslar iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına mühüm töhfə vermişdir.
Son illər Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və aparılan yüksək səviyyəli danışıqlar əlaqələrin daha da möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində iştirak etmək məqsədilə Türkmənistana səfəri, 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısında iştirakı və həmin ilin dekabr ayında Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünə qatılması əməkdaşlığın genişlənməsində mühüm hadisələr olmuşdur.
Eyni zamanda, Türkmənistan rəhbərliyinin Azərbaycana səfərləri də ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2020-ci ildə Azərbaycana rəsmi səfəri və Prezident Sərdar Berdiməhəmmədovun 2023-cü ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirakı iki ölkə arasındakı siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir.
Xarici siyasət sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana etdiyi səfərlər, o cümlədən 2021-ci ildə keçirilən rəsmi görüşlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan danışıqlar dövlətlər arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət etmişdir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyərək regional və qlobal məsələlərdə əməkdaşlıq edir.
Parlamentlərarası əlaqələr də Azərbaycan-Türkmənistan münasibətlərinin vacib istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda, Türkmənistan Məclisində də Azərbaycanla parlamentlərarası dostluq qrupu yaradılmışdır. Bu qurumlar qanunverici orqanlar arasında təcrübə mübadiləsini genişləndirir, siyasi dialoqun dərinləşməsinə və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.
İkitərəfli münasibətlərin hüquqi bazası da kifayət qədər genişdir. Bu günə qədər Azərbaycan və Türkmənistan arasında 89 sənəd imzalanmışdır. Bu sənədlər arasında ən mühüm sənədlərdən biri 8 avqust 2017-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir. Həmin sənəd iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmiş və münasibətlərin strateji xarakterini rəsmiləşdirmişdir.
İqtisadi əməkdaşlıq Azərbaycan-Türkmənistan münasibətlərinin əsas sütunlarından biridir. 2008-ci ildə imzalanmış və 2009-cu ildə qüvvəyə minmiş İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası haqqında Saziş iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Komissiyanın fəaliyyəti sayəsində ticarət, enerji, nəqliyyat, logistika, sənaye və digər sahələrdə əməkdaşlıq daha da genişlənmişdir. Komissiyanın sonuncu, yeddinci iclasının 2023-cü ilin noyabr ayında Aşqabadda keçirilməsi tərəflərin iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini göstərir.
Ticarət dövriyyəsinin göstəriciləri də əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini sübut edir. 2023-cü ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 710,39 milyon ABŞ dolları təşkil etmişdir. Bunun 72,59 milyon dollarını Azərbaycan ixracı, 637,80 milyon dollarını isə idxal təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin 88,42 faiz artması iqtisadi münasibətlərin dinamik inkişaf etdiyini nümayiş etdirir. İdxalın artımında əsas rolu enerji məhsulları, xüsusilə xam neft və təbii qaz oynayır. İxracın artımı isə alüminium məhsulları, pambıq lifi, şəkər və digər məhsulların satışının genişlənməsi ilə əlaqədardır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan Xəzər dənizinin iki sahilində yerləşən mühüm tərəfdaş ölkələrdir. Hər iki dövlət Şərq-Qərb və Orta Dəhliz marşrutlarının inkişafında fəal iştirak edir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və logistika imkanları Türkmənistanın beynəlxalq yükdaşımalar sisteminə inteqrasiyasında mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir.
Humanitar sahədə əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən layihələr xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Ortaq dil, mədəniyyət və mənəvi dəyərlər bu əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir. Qarşılıqlı etimad, siyasi dialoq, geniş hüquqi baza, iqtisadi əməkdaşlıq, parlamentlərarası əlaqələr və humanitar sahədə əməkdaşlıq iki qardaş ölkənin münasibətlərini daha da gücləndirir. Dövlət başçılarının siyasi iradəsi və xalqlarımız arasında mövcud olan tarixi dostluq əlaqələri gələcəkdə Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənəcəyinə və regionun sabitliyi, təhlükəsizliyi və inkişafına mühüm töhfələr verəcəyinə əminlik yaradır.
Xədicə Hüseynzadə
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının fəal üzvü