Azərbaycan xalqının dövlətçilik tarixində milli ordunun yaradılması və inkişafı xüsusi yer tutur. Hər bir dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatçılarından biri olan silahlı qüvvələr Azərbaycanın da dövlətçilik ənənələrinin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu gün 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edərkən qürurla deyə bilərik ki, 108 illik şərəfli inkişaf yolu keçən Azərbaycan Ordusu öz tarixinin ən qüdrətli dövrünü yaşayır.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli ordumuzun formalaşmasının əsası oldu. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri yaxşı anlayırdılar ki, dövlət müstəqilliyini qorumağın ən vacib şərtlərindən biri milli silahlı qüvvələrin yaradılmasıdır. Məhz buna görə də qısa müddət ərzində nizami hərbi hissələrin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu quruculuğu prosesi yarımçıq qaldı. Yalnız dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan xalqı yenidən öz milli ordusunu yaratmaq imkanı əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki problemlər və Ermənistanın hərbi təcavüzü səbəbindən güclü və nizami ordunun formalaşdırılması ciddi çətinliklərlə müşayiət olunurdu.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası ilə yanaşı, milli ordu quruculuğunda da dönüş nöqtəsinə çevrildi. Məhz onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, silahlı qüvvələr vahid komandanlıq altında birləşdirildi, peşəkar ordu quruculuğunun əsasları yaradıldı. Ulu Öndər deyirdi: “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur”. Həqiqətən də, sonrakı uğurların təməli məhz həmin dövrdə qoyuldu.
Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni məzmunla zənginləşdirildi. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz edilmiş, yüksək döyüş qabiliyyətinə malik peşəkar hərbi qüvvəyə çevrildi. Müdafiə sahəsinə ayrılan vəsaitin artırılması, hərbi infrastrukturun yenilənməsi, beynəlxalq standartlara uyğun idarəetmə sisteminin qurulması və hərbi təhsilin inkişafı ordumuzun güclənməsində mühüm rol oynadı.
Prezident İlham Əliyev Azərbaycan Ordusunun inkişaf yolunu dəyərləndirərkən qeyd etmişdir: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.
Bu fikirlər Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun ən dəqiq qiymətləndirilməsidir. Çünki müasir Azərbaycan Ordusunun gücü yalnız hərbi paradlarda və ya texniki göstəricilərdə deyil, ilk növbədə döyüş meydanında öz təsdiqini tapmışdır. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri Silahlı Qüvvələrimizin yüksək peşəkarlığını və döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun inkişaf tarixinin ən parlaq səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Daha sonra həyata keçirilən uğurlu tədbirlər nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin olundu. Beləliklə, Azərbaycan Ordusu qarşısında duran ən mühüm tarixi missiyanı şərəflə yerinə yetirdi.
Bu gün Silahlı Qüvvələrimiz müasir silah sistemləri, peşəkar kadr potensialı, komando birlikləri, xüsusi təyinatlı qüvvələri və güclü müdafiə sənayesi ilə regionun ən qüdrətli ordularından biridir. Orduda aparılan islahatlar, Türkiyə Silahlı Qüvvələrinin müasir təcrübəsinin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi onun inkişafını daha da sürətləndirir.
Azərbaycan Ordusunun 108 illik inkişaf yolu xalqımızın qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir. Bu yolun hər mərhələsində vətənpərvərlik, dövlətçilik ənənələri, milli birlik və fədakarlıq dayanır. Bu gün qürurla qeyd etdiyimiz uğurlar da məhz həmin möhkəm təməllər üzərində qurulub.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, Vətənimizin müdafiəsi naminə xidmət edən əsgər və zabitlərimizə yeni uğurlar arzulayırıq. Əminik ki, 108 illik şərəfli inkişaf yolunun zirvəsində dayanan Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısı olacaqdır.
Səbuhi Nağıyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
“Neftechala Operating Company LTD” şirkətinin Neft-qazçıxarma sexinin rəisi