PDF Oxu

Siyasət

  • 764

Bakı–Aşqabad: strateji tərəfdaşlığın yeni səhifəsi - ŞƏRH

image

22 iyun 2026-cı il Azərbaycan-Türkmənistan münasibətlərinin tarixinə yeni bir səhifə kimi yazıldı. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri həm ikitərəfli əlaqələrin nə qədər dərin köklərə sahib olduğunu, həm də bu əlaqələrin artıq tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu açıq şəkildə ortaya qoydu.

Heydər Əliyev Beynəlxalq Aeroportunda iki ölkənin bayraqlarının yan-yana dalğalandığını, fəxri qarovulun düzüldüyünü izləyəndə bu mənzərənin arxasındakı dərin mənası düşündürür. Azərbaycan və Türkmənistan ortaq tarixi kökə, ortaq dilə, ortaq mənəvi dəyərlərə sahib iki qardaş xalqdır. Bu yaxınlıq heç vaxt siyasi hesabın deyil, əsrlər boyu formalaşmış həqiqi bağın nəticəsidir. Bu gün həmin bağ dövlətlərarası səviyyədə öz layiqli əksini tapır.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov arasında əvvəlcə təkbətək, ardından geniş tərkibli görüş keçirildi. Görüşün nəticəsi yalnız isti sözlər və niyyət bəyanatları ilə məhdudlaşmadı — ondan artıq konkret sənəd imzalandı. Birgə Bəyanatdan başlayaraq energetika, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, idman sahələrini əhatə edən sazişlərə, gömrük sadələşməsi protokollarına qədər uzanan bu sənədlər paketi iki ölkənin əməkdaşlığını sözdən əmələ keçirməyin ən tutarlı ifadəsidir. Xarici işlər nazirliklərinin 2026–2029-cu illər üçün birgə fəaliyyət proqramını imzalaması isə bu əməkdaşlığın sistemli və uzunmüddətli xarakter daşıdığını bir daha sübut edir.

Rəqəmlər də bu fikri təsdiqləyir. Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımaları 2019-cu ildə 0,6 milyon ton həddində idisə, 2024-cü ildə həmin göstərici 4,5 milyon tonu keçdi. Bu, beş ildə altı dəfəlik artım deməkdir. Azərbaycan bu gün Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağına çevrilir. Türkmənistan isə bu sistemin ayrılmaz və strateji həlqəsidir. İmzalanan nəqliyyat-logistika sazişlərinin bu rəqəmi daha da yüksəltməyə xidmət edəcəyi şübhəsizdir.

Səfərin ən təsirli anlarından biri Bakı Gəmiqayırma Zavodunda istehsal edilmiş “Dostluq” neftdaşıyan tankerinin Türkmənistana təqdim edilməsi oldu. Bu hədiyyəni sadəcə diplomatik bir jest kimi qiymətləndirmək doğru olmazdı. Xəzər dənizinin iki sahilindəki iki qardaş ölkənin eyni gəmiylə üzməsi — bu, həm məcazi, həm də tam həqiqi mənada qardaşlığın təcəssümüdür. Prezident Berdiməhəmmədov da bu duyğunu dəqiq ifadə etdi: tankeri ölkələrimiz arasındakı qardaşlığın rəmzi kimi qəbul etdiklərini vurğuladı.

Diqqəti çəkən məqamlardan biri də Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma prosesinə Türkmənistanın göstərdiyi dəstəkdir. Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscid kompleksinin tikintisi başlanıb. Prezident İlham Əliyev bunu öz bəyanatında xüsusi vurğuladı və bunu xalqlarımız arasındakı qardaşlığın əyani sübutu kimi dəyərləndirdi. Həqiqətən də, bu addım heç bir siyasi hesabın deyil, səmimi qardaşlığın ifadəsidir.

Gənc bir fəal kimi bu səfəri izlədim və bir şeyi aydın gördüm: Azərbaycanın xarici siyasəti bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada da etibarlı tərəfdaşlıqlar üzərində qurulur. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz Türk dünyasının birliyini sözlərdə deyil, konkret addımlarda, imzalanan sənədlərdə, tikilən məscidlərdə, üzən gəmilərdə göstərir.

Bakı ilə Aşqabad arasındakı bu körpü artıq yalnız tarixi yaddaşa deyil, ortaq gələcəyə söykənir. 22 iyun səfəri bunun ən açıq sübutudur.

Aydan Əliyeva,

YAP Nərimanov rayon təşkilatının gənc fəalı

Digər xəbərlər