PDF Oxu

Siyasət

  • 1 218

Lider dövlətin qalib ordusu

image

26 İyun – Silahlı Qüvvələr Günü müstəqil Azərbaycan dövlətinin tarixində xüsusi əhəmiyyət kəsb edən bayramlardan biridir. Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, güclü ordu quruculuğunun əsasında uzaqgörən siyasi strategiya, milli maraqlara əsaslanan dövlət siyasəti və xalq-ordu birliyi dayanır.

Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə respublikaya rəhbərliyə başlayan Ulu Öndər gələcəkdə milli hərbi kadrların hazırlanmasının strateji əhəmiyyətini düzgün qiymətləndirərək bu istiqamətdə mühüm addımlar atdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə görkəmli hərbçi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəb yaradıldı. Bu təhsil ocağı sonrakı illərdə minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynadı və milli hərbi kadr potensialının əsasını formalaşdırdı. Eyni zamanda, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almalarına geniş imkanlar yaradıldı. Sonralar həmin zabitlər müstəqillik dövründə Azərbaycan Ordusunun formalaşmasında və inkişafında mühüm xidmətlər göstərdilər.
1990-cı illərin əvvəllərində dövlət müstəqilliyinin bərpası ilə yanaşı, ölkə ciddi təhlükələrlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhran, nizami ordunun olmaması və müxtəlif silahlı dəstələrin fəaliyyət göstərməsi dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, nizami ordu quruculuğunun da əsasını qoydu. Qısa müddət ərzində vahid komandanlığa tabe olan Silahlı Qüvvələr formalaşdırıldı, ordu daxilində nizam-intizam möhkəmləndirildi və hərbi idarəetmə sistemi təkmilləşdirildi.
1994-cü il mayın 12-də atəşkəsin əldə olunmasından sonra ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və döyüş hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1998-ci ildə imzalanmış Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edilməsi isə milli ordu quruculuğuna verilən yüksək qiymətin göstəricisi oldu.
Ulu Öndərin hərbi təhsil sahəsində həyata keçirdiyi siyasət də xüsusi əhəmiyyət daşıyır. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə hərbi təhsil müəssisələrinin yenidən təşkili peşəkar zabit korpusunun hazırlanmasına yeni imkanlar yaratdı. Bununla yanaşı, NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar Silahlı Qüvvələrin beynəlxalq standartlara uyğunlaşdırılmasına və modernləşdirilməsinə mühüm töhfə verdi.
Prezident, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu siyasəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Müdafiə xərclərinin dəfələrlə artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində mühüm işlər görüldü. Bu siyasətin nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi. Dünyanın nüfuzlu hərbi reytinq təşkilatları tərəfindən də ordumuzun yüksək mövqelərdə qərarlaşması aparılan məqsədyönlü siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilir.
2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünü və peşəkarlığını nümayiş etdirib. Bu uğurlar göstərdi ki, Silahlı Qüvvələr qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Ordumuzun qüdrəti və döyüş qabiliyyəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində tarixi Zəfərə imza atıb. Uzun illər işğal altında qalmış torpaqlar azad edilib, ərazi bütövlüyü təmin olunub və xalqımızın milli qüruru bərpa edilib. Vətən müharibəsi müasir hərb tarixində yeni səhifə açıb. Ordumuzun tətbiq etdiyi döyüş taktikası, müasir texnologiyalardan və pilotsuz uçuş aparatlarından səmərəli istifadə dünya hərbi ekspertlərinin diqqət mərkəzinə çevrilib. Bu müharibə Azərbaycan Ordusu vətənpərvərliyini, qəhrəmanlığını və yüksək döyüş ruhunu bütün dünyaya nümayiş etdirib. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyi tam bərpa olunub. Cəmi bir sutkaya yaxın müddətdə qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilib və konstitusiya quruluşu ölkənin bütün ərazilərində təmin edilib. Prezident İlham Əliyevin vurğulayıb: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.
Postmüharibə dövründə də ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Komando briqadalarının yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Milli Müdafiə Universitetinin fəaliyyətə başlaması və Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin tətbiqi ordunun peşəkarlığını daha da yüksəldib.
Bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, dünyanın ən müasir və peşəkar silahlı qüvvələri sırasında yer alır. Türkiyə, Pakistan, İsrail və digər dost dövlətlərlə hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesinin inkişafı və yeni texnologiyaların tətbiqi ordumuzun gücünü daha da artırır.
Gənclərin hərbi təhsilə cəlb olunması istiqamətində həyata keçirilən dövlət proqramları, kursantlar üçün yaradılan sosial təminatlar və güzəştlər gələcəkdə daha peşəkar zabit korpusunun formalaşmasına xidmət edir. Milli Müdafiə Universiteti və onun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri müasir dövrün çağırışlarına cavab verən hərbi kadrların hazırlanmasında mühüm rol oynayır.
Bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına, möhkəm mənəvi iradəyə və sarsılmaz vətənpərvərlik ruhuna malikdir. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və hərbçilərimizin fədakar xidməti xalqımızın qürur mənbəyidir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə qürur hissi ilə qeyd etmək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu tarixi missiyasını şərəflə yerinə yetirmiş, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin etmişdir. Bu gün güclü dövlətimizin qüdrətli ordusu xalqımızın təhlükəsizliyinin, sabitliyinin və ölkəmizin gələcək inkişafının ən möhkəm təminatçısıdır.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər