Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının təşkilatçılığı ilə 28 iyun 2026-cı il tarixində təşkilatın bir qrup fəalının işğaldan azad olunmuş Qarabağ bölgəsinə maarifləndirici səfəri təşkil olunub. Səfərin əsas məqsədi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq, tarixi Zəfərimizin nəticələrini yerində görmək, iştirakçılarda vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək olub.
Səfər çərçivəsində iştirakçılar əvvəlcə Xocalı şəhəri olub. Fəallar Xocalı şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Bildirilib ki, Xocalının dirçəldilməsi tarixi ədalətin bərpasının və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir.
Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini ziyarət edib. Fəallar Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsində, Yuxarı Gövhər Ağa məscidində və Şuşa qalasında olub, şəhərin tarixi-mədəni irsi, işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və konservasiya layihələri ilə yaxından tanış olublar.
Səfərin növbəti ünvanı Xankəndi şəhəri olub. Şəhərdə həyata keçirilən abadlıq və inkişaf layihələri, müasir infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Günün ikinci yarısında nümayəndə heyəti Əsgəran şəhərinə gedərək tarixi Əsgəran qalasını ziyarət edib. Qalanın tarixi, memarlıq xüsusiyyətləri və Azərbaycanın zəngin mədəni irsində tutduğu yer barədə iştirakçılar məlumatlandırılıblar.
Səfər çərçivəsində iştirakçılar Ağdam şəhərində də olublar. Burada onlara şəhərdə həyata keçirilən yenidənqurma layihələri, inşa olunan yeni yaşayış məhəllələri, sosial infrastruktur obyektləri və şəhərin gələcək inkişaf konsepsiyası barədə ətraflı məlumat verilib.
Səfər zamanı iştirakçılar xatirə şəkilləri çəkdirərək bu tarixi və yaddaqalan günün təəssüratlarını bölüşüblər.YAP Samux rayon təşkilatının fəalları vurğulayıblar ki, Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycan dövlətinin gücünü, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətini və xalqımızın milli birliyini əyani şəkildə nümayiş etdirir. Qeyd olunub ki, bu cür maarifləndirici səfərlər gənclərin və fəalların vətənpərvərlik ruhunun yüksəldilməsi, tarixi Zəfərin nəticələrinin daha dərindən mənimsənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.