“Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin inkişafı ardıcıl islahatlar və innovativ təşəbbüslər əsasında davam edir. Bu sahədə görülən işlər iki əsas istiqaməti əhatə edir”.SİA xəbər verir ki , bu sözləri Azərbaycan Fintex Assosiasiyasının nümayəndəsi Rasim Xammədov “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici tədbirdə olan panel müzakirəsində deyib.R.Xammədov qeyd edib ki, birinci istiqamət normativ-hüquqi bazanın təkmilləşdirilməsi və texniki standartların formalaşdırılması ilə bağlıdır. O vurğulayıb ki, müasir hüquqi çərçivənin yaradılması, vahid texniki protokolların tətbiqi və beynəlxalq standartlara uyğun tənzimləmə maliyyə xidmətlərinin təhlükəsiz, etibarlı və səmərəli şəkildə göstərilməsi üçün mühüm əhəmiyyət daşıyır.İkinci istiqamətin isə bazar iştirakçılarının fəaliyyətinin genişləndirilməsi və innovativ maliyyə xidmətlərinin tətbiqi ilə əlaqədar olduğunu deyən R.Xammədov bildirib ki, qanunvericilikdə aparılan təkmilləşdirmələr yeni məhsul və xidmətlərin bazara çıxarılmasını asanlaşdırır, fintech şirkətlərinin inkişafını sürətləndirir və rəqabət mühitinin güclənməsinə şərait yaradır.O əlavə edib ki, rəqəmsal maliyyə sahəsində həyata keçirilən layihələr və təşəbbüslər üzərində uzun müddətdir sistemli iş aparılır və bu proses ardıcıl şəkildə davam etdirilir. Yeni həllərin hazırlanması zamanı beynəlxalq təcrübə öyrənilir, müasir texnoloji imkanlardan istifadə edilir və istifadəçilər üçün daha rahat, təhlükəsiz və funksional maliyyə xidmətlərinin yaradılması əsas hədəf kimi müəyyənləşdirilir.R.Xammədovun sözlərinə görə, elektron ödəniş alətlərinin, rəqəmsal xidmətlərin və digər innovativ maliyyə həllərinin geniş tətbiqi ölkədə rəqəmsal maliyyə ekosisteminin inkişafına, nağdsız ödənişlərin artmasına və maliyyə xidmətlərinin əlçatanlığının yüksəlməsinə mühüm töhfə verir.Çıxışının sonunda Rasim Xammədov rəqəmsal maliyyə sektorunun inkişafının yalnız bütün maraqlı tərəflərin, dövlət qurumlarının, tənzimləyicilərin, bankların, fintech şirkətlərinin və digər bazar iştirakçılarının sıx əməkdaşlığı nəticəsində mümkün olduğunu vurğulayıb. O, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin və peşəkar müzakirələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib”.
Müəllif: Günay Hacıyeva