Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Ulu Öndər Heydər Əliyevin fəlsəfəsi işığında: Memarlıq, Ekologiya və Tarixin harmoniyası” mövzusunda Yay məktəbinin bağlanış mərasimi keçirilib.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, “Yay məktəbi” milli yaddaşın, memarlıq irsinin və dövlətçilik ənənələrinin gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyət daşıyan platformadır.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma siyasəti Azərbaycanın sənaye və sosial infrastrukturunun formalaşmasında mühüm rol oynayıb. Müstəqillik dövründə isə ölkənin yeni inkişaf strategiyasına uyğun müasir şəhərsalma modeli yaradılıb. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri müasir şəhərsalmanın nümunəsinə çevrilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini - baş memar Müslüm İmranlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin memarlıq və şəhərsalma sahəsinə göstərdiyi diqqət Azərbaycan memarlıq irsinin qorunması və inkişafında xüsusi rol oynayıb.
O vurğulayıb ki, memarlıq abidələri xalqın tarixinin və mədəniyyətinin daşlaşmış yaddaşıdır. Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət müasir Azərbaycanın memarlıq simasının formalaşmasına böyük töhfə verib.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, milli memarlığa və mədəni irsə göstərilən diqqət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri müasir şəhərsalma standartları, innovativ texnologiyalar və milli memarlıq elementləri əsasında aparılır. Tarixi abidələrin bərpası və yeni yaşayış məntəqələrinin yaradılması nəticəsində Azərbaycanın yeni şəhər və kənd modeli formalaşdırılır.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında Azərbaycanın şəhərsalma və memarlıq inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə şəhərlərin tarixi simasının qorunması, memarlıq abidələrinin bərpası və şəhərsalma fəaliyyətinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Qeyd edək ki, Yay məktəbi çərçivəsində rayon təşkilatının əməkdaşları və gəncləri Respublika Kənd Təsərrüfatı, Tullantıdan sənətə və Azərbaycan Tarixi muzeylərini ziyarət ediblər. İştirakçılara muzeylərin yaranma tarixi, fəaliyyəti və eksponatları barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda Yay məktəbi çərçivəsində ziyarət olunan muzeylərin nümayəndələri təşəkkürnamələrlə təltif olunub, layihədə iştirak edən gənclərə sertifikatlar təqdim edilib.