Mehriban Əliyeva: “Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir”
“Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.” Bu sözləri iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Mehriban Əliyeva çıxışı zamanı bildirib. Məlumdur ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir.
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal inkişafın və süni intellektin artıq ayrıca texnoloji istiqamət deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edildiyini göstərir. Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışı rəqəmsal transformasiyanı Azərbaycanın milli inkişaf strategiyasının mərkəzinə yerləşdirən konseptual və proqram xarakterli çıxışdır. Bu çıxışda rəqəmsallaşma təkcə texnoloji yenilənmə kimi deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi və ölkənin qlobal rəqabət qabiliyyətinin artırılması üçün əsas alət kimi təqdim olunur. Dövlətimizin başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının qlobal miqyasda ölkələrin gələcək inkişafını müəyyən edən amillər olduğunu vurğulamaqla Azərbaycanın da bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərməli olduğunu açıq şəkildə ifadə edib. Dövlət başçısı çıxışında Azərbaycanın mövcud üstünlüklərini – enerji generasiya gücünün artımı, istifadə olunmayan enerji ehtiyatları, geniş nəqliyyat və enerji infrastrukturu, fiber-optik bağlantıların inkişafı, müsbət investisiya mühiti və beynəlxalq tərəfdaşlıq platformalarını – süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün baza kimi təqdim edib. Xüsusilə 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat sərbəst enerji potensialının data mərkəzləri üçün başlıca şərt kimi qeyd olunması bu sahəyə strateji yanaşmanı nümayiş etdirir.
“SÜNİ İNTELLEKTİN DÖVLƏTLƏRİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ ROLU ARTMAQDADIR VƏ ARTIQ MƏRKƏZİ YER TUTUR”
“Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir”, - deyə Mehriban xanım bildrib.
Müasir dünyada dövlətlərin gücü həm də rəqəmsal infrastrukturun səviyyəsi və innovasiya potensialı ilə müəyyən olunur. Yeri gəlmişkən, "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na ölkənin uzunmüddətli inkişaf strategiyası kimi baxa bilərik. Plan dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və texnoloji infrastrukturun yenilənməsini hədəfləyir. “Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.
Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir”,- deyə Birinci vitse-prezident Mehriban Əliyeva bildirib.
“BİZ XARİCİ, BEYNƏLXALQ TƏCRÜBƏNİ ÖYRƏNMƏLİ, UĞURLU MODELLƏRDƏN İSTİFADƏ ETMƏLİYİK”
"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr əhəmiyyət daşıyır. Fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurası yaradılıb və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqlənib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatlar hazırlanıb. “Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır”, - deyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva diqqətə çatdırıb.
Zümrüd BAYRAMOVA