“Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və həmin bölgələrdə sosial-iqtisadi həyatın bərpasına yönəlmiş Azərbaycanın ən mühüm dövlət layihələrindən biridir. Proqramın əsas məqsədi uzun illər doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtmasını təmin etmək, eyni zamanda Qarabağ və Şərqi Zəngəzuru müasir inkişaf modelinə uyğun şəkildə yenidən formalaşdırmaqdır”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir:” Müasir avtomobil yolları, körpülər, tunellər, hava limanları, elektrik və su təchizatı infrastrukturu yaradılır, yeni yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Şəhər və kəndlərin planlaşdırılmasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına üstünlük verilir, ekoloji cəhətdən təmiz texnologiyalar və yaşıl enerji mənbələri tətbiq olunur.Proqram çərçivəsində əsas diqqət yalnız infrastrukturun bərpasına deyil, həm də insanların normal həyat şəraitinin təmin edilməsinə yönəldilir. Doğma torpaqlarına qayıdan sakinlər üçün yeni iş imkanları yaradılır, sahibkarlığın inkişafı təşviq edilir, kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu yanaşma bölgənin sosial rifahının yüksəlməsinə və iqtisadi fəallığın artmasına şərait yaradır.Böyük Qayıdış proqramı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının tam reallaşdırılmasına da mühüm töhfə verir. Bölgənin zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi və turizm imkanları yeni investisiyaların cəlb olunmasına, biznes mühitinin genişlənməsinə və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə əlverişli şərait yaradır.Layihənin vacib istiqamətlərindən biri də tarixi və mədəni irsin bərpasıdır. İşğal dövründə dağıdılmış dini və tarixi abidələr, muzeylər, mədəniyyət ocaqları və digər irs nümunələri yenidən bərpa edilir. Bu proses milli-mənəvi dəyərlərin qorunmasına, tarixi yaddaşın yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.Böyük Qayıdış proqramı təkcə yenidənqurma layihəsi deyil, həm də ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Həyata keçirilən ardıcıl tədbirlər Qarabağ və Şərqi Zəngəzurun müasir, inkişaf etmiş və yüksək yaşayış səviyyəsinə malik bölgələrə çevrilməsinə xidmət edir. Bu ərazilərdə həyatın yenidən bərpa olunması Azərbaycanın inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir”.
Müəllif: Günay Hacıyeva