"Azərbaycanla İtaliya arasında bu gün çox sıx, qarşılıqlı milli maraqlara əsaslanan strateji münasibətlər mövcuddur. Bu münasibətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, İtaliya tərəfindən də Azərbaycana qarşı dostluğa, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan səmimi münasibətin şahidi oluruq".Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq demək olar ki, bütün sahələri əhatə edir:"İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən biri olub. 44 günlük Vətən müharibəsi dövründə də İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu gün isə İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində fəal iştirak edirlər.Qarşılıqlı investisiyalar iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan İtaliya iqtisadiyyatına, xüsusilə enerji sektoruna əhəmiyyətli investisiyalar yatırıb. Eyni zamanda, İtaliya şirkətləri də Azərbaycan iqtisadiyyatının müxtəlif strateji sahələrində uğurla fəaliyyət göstərirlər.Humanitar əməkdaşlıq da yüksək səviyyədə inkişaf edir. Azərbaycan gəncləri İtaliya universitetlərində təhsil almağa böyük maraq göstərirlər. Hər iki ölkənin razılığı əsasında Bakıda Azərbaycan–İtaliya Universiteti fəaliyyət göstərir və burada İtaliya ali təhsil sisteminin qabaqcıl təcrübəsi tətbiq olunur.Hesab edirəm ki, dünən baş tutan telefon danışığı da Azərbaycan–İtaliya münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən növbəti mühüm addımdır. İtaliya ilə əlaqələrin inkişafı dövlətimizin, xüsusilə də Prezident İlham Əliyevin xarici siyasətində mühüm yer tutur. İnanıram ki, bundan sonra da İtaliya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımız daha da genişlənəcək. Həmçinin regional və qlobal sülhün, sabitliyin möhkəmləndirilməsinə birgə töhfələr veriləcək".
Müəllif: Günel Fərzəliyeva