Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırma” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə reallaşdırılan ardıcıl islahatlar nəticəsində sosial müdafiə sistemi daha da təkmilləşdirilib, dəstək mexanizmlərinin əhatə dairəsi genişlənib, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Yeni Azərbaycan Partiyası da yarandığı gündən etibarən sosial dövlət prinsiplərinin inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına və ictimai həmrəyliyin daha da möhkəmləndirilməsinə daim xüsusi önəm verib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Tünzalə Verdiyeva, Sosial Xidmətlər Agentliyinin Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialın müdiri Raqif Zamanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, Sabunçu rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov çıxışlarında bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində fəaliyyət göstərən SXA-nın icra etdiyi layihələr və təqdim etdiyi dəstək mexanizmləri dövlətin insan amilinə verdiyi dəyərin bariz ifadəsidir.
Sonda qonaqlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.