PDF Oxu

Siyasət

  • 575

Azərbaycan polisi – vətənə, dövlətə və xalqa sədaqətin parlaq nümunəsi - FOTOLAR

image

2 İyul – Azərbaycan Polisi Günü Azərbaycan dövlətçiliyinin keşiyində şərəflə dayanan, xalqın təhlükəsizliyini, hüquq və azadlıqlarını qoruyan polis əməkdaşlarının peşə bayramıdır. Bu əlamətdar gün təkcə daxili işlər orqanlarında xidmət edən insanların deyil, həm də dövlətinə, xalqına və Vətəninə sədaqətlə xidmət etməyi həyat amalına çevirmiş bütün polis əməkdaşlarının fədakarlığının, qəhrəmanlığının və şərəfli fəaliyyətinin təntənəsidir.
Bu il Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur. Bir əsrdən artıq tarixi inkişaf yolu keçən Azərbaycan polisi çətin, mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmiş, dövlətçiliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyulun 2-də yaradılan polis orqanları xalqımızın milli dövlətçilik tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Tarixin müxtəlif dövrlərində ölkəmizin üzləşdiyi mürəkkəb sınaqlardan şərəflə çıxan Azərbaycan polisi hər zaman dövlətin dayaqlarından biri olmuş, Vətənə və xalqa sədaqət andına sadiq qalmışdır.
Azərbaycan polisinin müasir simasının formalaşması və güclü hüquq-mühafizə sisteminə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər istər sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə, istərsə də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi dövrdə Daxili İşlər orqanlarının inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə hökm sürən xaosu aradan qaldıraraq hüquq qaydasını bərpa etdi, qanunun aliliyini təmin olundu və daxili işlər orqanlarını dövlətçiliyin əsas sütunlarından birinə çevirdi. Onun rəhbərliyi ilə polis orqanlarının maddi-texniki bazası möhkəmləndirildi, peşə hazırlığı yüksəldildi, əməkdaşların sosial müdafiəsi gücləndirildi və müasir idarəetmə sistemi formalaşdırıldı.
Ümummilli Liderin müəyyən olunan hüquq-mühafizə siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər orqanlarında genişmiqyaslı islahatlar həyata keçirilir. Polis əməkdaşlarının xidməti şəraitinin yaxşılaşdırılması, müasir texnologiyalarla təmin olunması, rəqəmsal idarəetmənin tətbiqi, vətəndaş məmnunluğunun artırılması və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında Daxili İşlər orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, operativ xidmətlərin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Müasir Azərbaycan polisi vətəndaş məmnunluğunu fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir. İnsan hüquq və azadlıqlarının qorunması, şəffaflığın artırılması, müasir xidmət modelinin tətbiqi polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan polisi tarix boyu dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ön sıralarda olub. Birinci Qarabağ müharibəsi zamanı Milli Ordu hələ tam formalaşmadığı dövrdə cəbhəyə ilk yollananlardan biri məhz polis əməkdaşları idi. Minlərlə polis işçisi silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı, yüzlərlə əməkdaş şəhidlik zirvəsinə ucaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində də polis əməkdaşları böyük qəhrəmanlıq göstərdilər. Onlar həm döyüş əməliyyatlarında, həm də arxa cəbhədə təhlükəsizliyin təmin olunması, strateji obyektlərin mühafizəsi, diversiya qruplarına qarşı mübarizə və ictimai sabitliyin qorunması istiqamətində mühüm xidmətlər göstərdilər.
2023-cü ildə keçirilmiş lokal antiterror tədbirlərində də daxili işlər orqanlarının əməkdaşları dövlətimizin suverenliyinin tam bərpa olunması naminə böyük fədakarlıq nümayiş etdirdilər. Azərbaycan polisi Ali Baş Komandanın rəhbərliyi altında tarixi Zəfərin qazanılmasına layiqli töhfə verdi.
Şəhid polis əməkdaşlarının qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların müqəddəs xatirəsi daim ehtiramla anılır, qazilərimizin xidmətləri yüksək qiymətləndirilir.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycan polisi xüsusi məsuliyyət daşıyır. Azad edilmiş torpaqlarda təhlükəsizliyin təmin olunması, ictimai asayişin qorunması, yeni yaşayış məntəqələrinin mühafizəsi, tikinti layihələrinin təhlükəsiz icrası və əhalinin rahat yaşayışının təmin edilməsi polis əməkdaşlarının gündəlik fəaliyyətinin əsas istiqamətlərindəndir.Daxili İşlər orqanlarının əməkdaşları aidiyyəti dövlət qurumları ilə birlikdə qanunsuz silahların aşkar edilməsi, partlayıcı maddələrin müəyyən olunması, mina təhlükəsinin aradan qaldırılması istiqamətində mühüm vəzifələr yerinə yetirirlər. Onların bu fədakar xidməti bölgədə aparılan bərpa-quruculuq işlərinin fasiləsiz həyata keçirilməsinə və doğma yurdlarına qayıdan vətəndaşlarımızın təhlükəsiz həyatına mühüm töhfə verir.
İşğaldan azad olunmuş rayonlarımız arasında strateji əhəmiyyətə malik Kəlbəcərdə təhlükəsizliyin təmin olunması xüsusi önəm daşıyır. Rayonun yenidən qurulması, əhalinin qayıdışı, turizmin inkişafı və dövlət proqramlarının uğurla həyata keçirilməsi etibarlı hüquq qaydasından keçir.
Bu baxımdan Kəlbəcər Rayon Polis Şöbəsinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Rayon işğaldan azad edildikdən sonra müasir inzibati bina istifadəyə verilmiş, polis əməkdaşları doğma torpaqlarında xidmətlərini bərpa etmişlər. Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərovun rəhbərliyi altında şəxsi heyət rayon ərazisində ictimai təhlükəsizliyin qorunması, qanunun aliliyinin təmin edilməsi, giriş-çıxış rejiminin tənzimlənməsi, dövlət obyektlərinin mühafizəsi, turistlərin və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində yüksək peşəkarlıq nümayiş etdirir.
Kəlbəcər polisinin əməkdaşları yalnız xidmətdə deyil, döyüş meydanında da öz sözlərini demişlər. Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında rayonun polis əməkdaşları böyük qəhrəmanlıq nümunələri göstərmiş, onların sırasında şəhidlərimiz, qazilərimiz və müxtəlif dövlət təltiflərinə layiq görülmüş əməkdaşlar vardır. Bu qəhrəmanlıq ənənəsi bu gün də davam etdirilir.
Müasir dövrdə polisin fəaliyyəti yalnız cinayətkarlıqla mübarizə ilə məhdudlaşmır. Kibercinayətkarlıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, yol hərəkəti təhlükəsizliyi, kütləvi tədbirlərin mühafizəsi, fövqəladə hallarda operativ fəaliyyət və ictimai asayişin qorunması kimi çoxşaxəli istiqamətlərdə Azərbaycan polisi yüksək peşəkarlıq nümayiş etdirir.
Polis əməkdaşlarının əsas məqsədi insanlara xidmət etmək, onların təhlükəsizliyini təmin etmək, qanunun aliliyini qorumaq və dövlət-vətəndaş münasibətlərini daha da möhkəmləndirməkdir. Bu ali missiya böyük məsuliyyət, vicdan, dürüstlük və Vətən sevgisi tələb edir.
Azərbaycan polisi ötən 108 il ərzində dövlətinə, xalqına və Vətəninə sədaqətin ən parlaq nümunəsini nümayiş etdirmişdir. Bu gün də Azərbaycan polisi dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanaraq ölkəmizdə sabitliyin, əmin-amanlığın və təhlükəsizliyin təmin olunmasına şərəflə xidmət edir.
Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti nəticəsində Azərbaycan polisi bundan sonra da xalqın etimadını doğruldacaq, hüquq qaydasının keşiyində inamla dayanacaq, dövlətimizin qüdrətinin və milli təhlükəsizliyinin etibarlı təminatçısı olaraq şərəfli missiyasını layiqincə davam etdirəcəkdir.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını, Daxili İşlər orqanlarının veteranlarını, ehtiyatda olan polis işçilərini, qazilərimizi ürəkdən təbrik edir, şəhid polis əməkdaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, bütün şəxsi heyətə möhkəm cansağlığı, ailə səadəti, xidmətdə yeni-yeni uğurlar və Vətənimiz naminə şərəfli fəaliyyət arzulayırıq. Azərbaycan polisi daim dövlətimizin, xalqımızın və müstəqilliyimizin etibarlı keşikçisi olsun!

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Digər xəbərlər