”Bərpa və yenidənqurma prosesləri birbaşa dövlət başçısının nəzarəti altında həyata keçirilir və bu istiqamətə xüsusi diqqət yetirilir. Hazırlanan layihələrin demək olar ki, hamısı Prezidentin baxışından keçir və onun tövsiyələri nəzərə alınır. Bu yanaşma Böyük Qayıdış Proqramının əsas prioriteti olan insan amilinin ön planda saxlanılmasına xidmət edir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.Onun sözlərinə görə , işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların rahat, təhlükəsiz və ləyaqətli həyat şəraiti ilə təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir:”Bu məqsədlə yaşayış məntəqələrində müasir infrastruktur yaradılır, sosial obyektlər tikilir, mühəndis-kommunikasiya sistemləri qurulur və insanların gündəlik ehtiyaclarını qarşılayacaq bütün zəruri şərait formalaşdırılır. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan bu genişmiqyaslı bərpa işlərini heç bir xarici maliyyə institutunun dəstəyi olmadan, yalnız öz maliyyə imkanları hesabına həyata keçirir.Şəhərlər və yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, avtomobil yollarının, kommunikasiya xətlərinin və logistika şəbəkəsinin inkişaf etdirilməsi də prioritet məsələlərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələr gələcəkdə bölgələrin sosial-iqtisadi inkişafına, əhalinin rahat hərəkətinə və dayanıqlı məskunlaşmaya mühüm töhfə verəcək.Bərpa olunan ərazilərdə insanların rahat, təhlükəsiz və müasir yaşayış mühiti ilə təmin edilməsi əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün layihələr yüksək şəhərsalma və memarlıq standartlarına əsasən hazırlanır və icra edilir.Yenidənqurma prosesinin səmərəli təşkili məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupları yaradılıb, yerli və xarici şirkətlər layihələrə cəlb olunub. Onlar arasında geniş koordinasiya və qarşılıqlı fəaliyyət təmin edilir. Miqyası və həyata keçirilmə sürəti baxımından bu proses dünya təcrübəsində nadir layihələrdən biri hesab olunur. Çünki tarixdə tamamilə dağıdılmış geniş ərazilərin belə qısa müddətdə yenidən qurulmasına dair analoji nümunələr çox azdır.Birinci və İkinci dünya müharibələri zamanı da bir sıra şəhərlər dağıdılmışdı. Lakin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vəziyyət tamamilə fərqli idi. Ermənistan uzun illər ərzində bu torpaqlarda şəhər və kəndləri, yaşayış evlərini, sosial infrastrukturu, tarixi-mədəni irsi və dini abidələri məqsədli şəkildə dağıdaraq həmin əraziləri faktiki olaraq viran qoymuşdu. Bu səbəbdən bərpa prosesi xüsusi metodologiya, müasir yanaşma və uzunmüddətli inkişaf konsepsiyası əsasında həyata keçirilir.Əsas məqsəd doğma yurdlarına qayıdan insanların əvvəlki dağıntılarla bugünkü inkişafı müqayisə etdikdə Azərbaycanın həmin torpaqları daha yüksək standartlar əsasında yenidən qurduğunu görmələridir. İşğal dövründə misli görünməmiş vandalizm aktları törədilib, yaşayış məntəqələri və tarixi irs sistemli şəkildə məhv edilib.Dağıdılan obyektlər sırasında həm İslam dövrünə, həm də İslamdan əvvəlki dövrlərə aid tarixi və mədəni abidələr yer alır. Bu faktlar sənədləşdirilməli, beynəlxalq ictimaiyyətə təqdim edilməli və Ermənistanın törətdiyi vandalizm aktlarının mahiyyəti obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır.Məlum olduğu kimi, işğal dövründə Azərbaycanın tarixi torpaqlarında, o cümlədən İrəvanda və Qərbi Zəngəzurda yerləşən çoxsaylı məscidlər və digər dini-mədəni abidələr dağıdılıb və ya mənimsənilib. Buna baxmayaraq, Ermənistan müxtəlif platformalarda əsassız iddialar irəli sürərək guya Azərbaycanın Qarabağdakı erməni abidələrini dağıtdığını iddia edir. İnformasiya müharibəsi dövründə də dezinformasiya və saxta məlumatlar vasitəsilə beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər göstərilib.Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə müasir, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılmasıdır. Şəhər və kəndlərdə həyata keçirilən bütün layihələr ən yüksək beynəlxalq standartlara uyğun şəkildə icra olunur.“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarına əsaslanan yaşayış məntəqələri mərhələli şəkildə inşa edilir, rəqəmsal idarəetmə sistemləri, müasir kommunal xidmətlər və ekoloji yanaşmalar tətbiq olunur. Eyni zamanda bərpa prosesində innovativ texnologiyalardan geniş istifadə edilir, qabaqcıl mühəndislik həlləri tətbiq olunur və bu layihələrə yerli və xarici şirkətlərin aparıcı mütəxəssisləri cəlb edilir. Bütün bunlar işğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafına və Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsinə mühüm töhfə verir”.
Müəllif: Günay Hacıyeva