"Ukraynanın son dövrlərdə həyata keçirdiyi hücumların əsas hədəfi Rusiyanın enerji infrastrukturudur. Neft emalı zavodlarına, neft bazalarına və digər strateji obyektlərə endirilən zərbələr Rusiyanın iqtisadi imkanlarını zəiflətməyə yönəlib".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.Onun sözlərinə görə, bu cür hücumlar Rusiyanın enerji sektoruna zərər vurmaqla yanaşı, mövcud sanksiyaların təsirini daha da artırır:"Enerji infrastrukturuna dəyən zərər ölkə daxilində yanacaq təminatında çətinliklər yarada, iqtisadi fəallığa mənfi təsir göstərə və müharibənin maliyyələşdirilməsini daha da çətinləşdirə bilər. Bu isə uzunmüddətli perspektivdə Rusiyanın iqtisadi dayanıqlığına əlavə təzyiq göstərən amillərdən biri hesab olunur.Bu baxımdan Ukraynanın seçdiyi strategiya Rusiyanın hərbi potensialını birbaşa deyil, onu dəstəkləyən iqtisadi imkanları zəiflətməyə hesablanıb.Əgər bu hücumlar davam edərsə və xüsusilə qış aylarında enerji infrastrukturuna təsir daha da güclənərsə, bunun Rusiya daxilində iqtisadi və sosial problemləri artırmaq ehtimalı mövcuddur. Bununla belə, belə nəticələrin hansı miqyasda baş verəcəyini əvvəlcədən qəti şəkildə proqnozlaşdırmaq mümkün deyil. Bu, müharibənin gedişindən, tərəflərin atacağı addımlardan və digər amillərdən asılı olacaq".
Müəllif: Günel Fərzəliyeva