Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və qanunun aliliyinin təmin olunması istiqamətində xüsusi xidmətləri olan Azərbaycan polisi bu gün müasir dövlətimizin ən etibarlı təsisatlarından biridir. Hər il 2 İyul – Azərbaycan Polisi Gününün qeyd edilməsi daxili işlər orqanlarının əməkdaşlarının şərəfli fəaliyyətinə, onların dövlətə, Vətənə və xalqa sədaqətli xidmətinə verilən yüksək qiymətin təzahürüdür.
Azərbaycan polisi zəngin xidmət yolu keçərək hər zaman dövlətçiliyin keşiyində dayanmış, ölkəmizin təhlükəsizliyinin qorunmasına, hüquq qaydasının təmin edilməsinə və vətəndaşların rifahına öz töhfəsini vermişdir. Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi böhran, xaos və idarəolunmazlıq hüquq-mühafizə orqanlarının fəaliyyətinə də ciddi təsir göstərmişdi. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etməklə yanaşı, hüquq-mühafizə sistemində də əsaslı dönüş yaratdı.
Ulu Öndər Heydər Əliyev güclü dövlətin əsas dayaqlarından birinin məhz peşəkar və qanuna sadiq hüquq-mühafizə orqanları olduğunu daim vurğulayırdı. Onun rəhbərliyi ilə daxili işlər orqanlarında genişmiqyaslı islahatlar həyata keçirildi, polis orqanlarının maddi-texniki bazası möhkəmləndirildi, peşəkar kadr hazırlığı gücləndirildi, qanunçuluğun təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdə formalaşan sağlam ənənələr bu gün də Azərbaycan polisinin fəaliyyətində əsas prinsiplər kimi yaşayır.
Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında müasir idarəetmə mexanizmləri tətbiq olunmuş, rəqəmsal texnologiyalar genişləndirilmiş, polis əməkdaşlarının sosial müdafiəsi və xidmət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan polisi regionun ən peşəkar və müasir hüquq-mühafizə qurumlarından birinə çevrilmişdir.
Azərbaycan polisi yalnız ictimai asayişin keşiyində dayanmamış, eyni zamanda Vətən torpaqlarının müdafiəsində də qəhrəmanlıq salnaməsi yazmışdır. Birinci Qarabağ müharibəsində daxili işlər orqanlarının minlərlə əməkdaşı döyüşlərdə iştirak etmiş, yüzlərlə polis əməkdaşı şəhid olmuş, çoxsaylı əməkdaş sağlamlığını itirərək qazi adını qazanmışdır. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayır.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəylik nümayiş etdirdiyi, dövlətimizin qüdrətini bütün dünyaya göstərdiyi şanlı tarixdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərdə Azərbaycan polisinin də layiqli payı vardır. Polis əməkdaşları döyüş bölgələrində, arxa cəbhədə, strateji obyektlərin mühafizəsində, ictimai təhlükəsizliyin təmin edilməsində və azad olunan ərazilərdə hüquq qaydasının bərpasında böyük peşəkarlıq və fədakarlıq nümayiş etdirmişlər.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkəmizin bütün ərazisində tam təmin olundu. Bu tarixi mərhələdə də daxili işlər orqanlarının əməkdaşları üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdilər. Hazırda Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən doğma Laçında təhlükəsiz həyatın təmin olunması, Böyük Qayıdış Proqramının uğurla icrası, yeni yaşayış məntəqələrinin və müasir şəhərlərin qurulması polis əməkdaşlarının gündəlik xidmətinin mühüm istiqamətlərindən biridir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf məkanı kimi tanınır. Bu sabitliyin təmin edilməsində Azərbaycan polisinin rolu əvəzsizdir. Qanunun aliliyinin qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, dövlət maraqlarının etibarlı müdafiəsi polis orqanlarının gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Azərbaycan polisi hər zaman dövlətə sədaqətin, xalqa xidmətin və vətənpərvərliyin nümunəsi olmuşdur. Dövlətçilik maraqlarını şəxsi maraqlardan üstün tutan, Vətənin keşiyində şərəflə dayanan polis əməkdaşları öz peşəkarlıqları və fədakarlıqları ilə cəmiyyətin böyük hörmətini qazanmışlar.
Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına sadiq qalan, Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf edən Azərbaycan polisi bundan sonra da dövlətimizin müstəqilliyinin, xalqımızın təhlükəsizliyinin və hüquqi dövlət quruculuğunun etibarlı təminatçısı olacaqdır.
Azərbaycan Polisi Günü münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyini, bütün polis əməkdaşlarını, daxili işlər orqanlarının veteranlarını və ehtiyatda olan polis zabitlərini ürəkdən təbrik edir, şəhid polis əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Dövlətimizə, Vətənimizə və xalqımıza sədaqətlə xidmət edən bütün polis əməkdaşlarına gələcək fəaliyyətlərində yeni uğurlar diləyirəm. Bayramınız mübarək!
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri