PDF Oxu

Siyasət

  • 1 028

Avropa İttifaqı ilə münasibətlərdə yaranan yeni dinamika Azərbaycanın etibarlı tərəfdaş imicinin təsdiqidir

image

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər fəal inkişaf mərhələsindədir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri, bundan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, eləcə də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəmizə səfərləri tərəflər arasında dialoqun intensivləşdiyini və əməkdaşlığın strateji xarakter aldığını bir daha nümayiş etdirdi. Bu ardıcıl yüksək səviyyəli təmaslar Azərbaycan–Aİ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə birgə mətbuata bəyanatında vurğuladığı kimi, münasibətlərdə müsbət dinamika müşahidə olunur və bu dinamika hər iki tərəfin əməkdaşlığı genişləndirmək istiqamətində nümayiş etdirdiyi siyasi iradənin nəticəsidir. Bu yanaşma siyasi dialoqla məhdudlaşmır, enerji, nəqliyyat, ticarət, yaşıl keçid, regional təhlükəsizlik və sülh gündəliyi kimi strateji istiqamətləri də əhatə edir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə bir daha bəyan etdi ki, enerji sahəsində əməkdaşlıq Aİ-Azərbaycan tərəfdaşlığının ən güclü pillələrindən biri kimi qalmağa davam edir. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirib.
O, Azərbaycanın yalnız enerji sahəsində deyil, həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən mühüm geostrateji mərkəz olduğunu vurğuladı. Eyni zamanda Prezident İlham Əliyevin regionda sülh və əməkdaşlıq prosesinin təşəbbüskarı kimi liderliyini xüsusi qeyd etdi.
Bu gün Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, sabitliyi qoruyan, regional əməkdaşlığı təşviq edən və beynəlxalq tərəfdaşlar üçün etibarlı dövlət kimi qəbul edilir. Ölkənin müasir nəqliyyat infrastrukturu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı mühüm rol, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və geniş dəmir yolu şəbəkəsi Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Avropa İttifaqı da məhz bu potensialı nəzərə alaraq Azərbaycanla yeni bağlantı tərəfdaşlığı platformasının yaradılmasını təklif edib. Bu platforma enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Məlum olduğu kimi, 2022-ci ildə Avropanın enerji təhlükəsizliyi ciddi sınaq qarşısında qaldığı dövrdə məhz Azərbaycan etibarlı tərəfdaş kimi çıxış etdi. Həmin vaxtdan etibarən Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir və bu coğrafiyanın daha da genişləndirilməsi üçün potensial mövcuddur. Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycan uzun illər ərzində həyata keçirdiyi strateji enerji siyasəti, böyük maliyyə sərmayələri və diplomatik fəaliyyət nəticəsində Avropanın etibarlı enerji tərəfdaşına çevrilib. Ursula fon der Lyayen də çıxışında Azərbaycanın Avropaya verdiyi dəstəyi yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizini “əsl uğur hekayəsi” adlandırdı.
Əməkdaşlığın yeni istiqamətlərindən biri də yaşıl enerji sahəsidir. Azərbaycan zəngin günəş və külək enerjisi potensialına malikdir. Dövlət başçımızın da bildirdiyi kimi, artıq imzalanmış müqavilələr yaxın illərdə ölkədə əlavə 8 giqavat bərpaolunan enerji istehsal etməyə imkan verəcək. Avropa İttifaqı bu istiqamətdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Xəzər dənizinin külək enerjisi imkanları, Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında formalaşdırılan Yaşıl Enerji Dəhlizi gələcəyin enerji xəritəsini müəyyənləşdirən mühüm layihələr sırasında yer alır.
Səfərin mühüm nəticələrindən biri də regional sülh gündəliyinə verilən dəstək oldu. Avropa Komissiyası sərhədyanı bölgələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə 20 milyon avroluq yardım proqramı elan edib. Bu vəsait səhiyyə, minatəmizləmə, kənd təsərrüfatı, su təminatı və kiçik sahibkarlığın inkişafı kimi istiqamətlərə yönəldiləcək. Məqsəd sülhün real iqtisadi dividendlərini insanların gündəlik həyatında hiss etdirməkdir.
Prezident İlham Əliyev bəyanatında Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan nəticələri də diqqətə çatdırdı. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyinin artıq praktik nəticələr verdiyini, tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını və regionda yeni əməkdaşlıq mühitinin formalaşdığını vurğuladı. Avropa İttifaqı da bu prosesi tam dəstəklədiyini bəyan etdi.
Beləliklə, görünən budur ki, Azərbaycanın xarici siyasətinin mühüm üstünlüyü müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında balanslaşdırılmış tərəfdaşlıq münasibətləri qurmasıdır. ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji əməkdaşlıq, Avropa İttifaqı ilə strateji xarakter daşıyan münasibətlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunun mühüm nəticələrindəndir.
Avropa İttifaqı ilə münasibətlərdə yaranan yeni dinamika isə ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Digər xəbərlər