“Dünyada dördüncü sənaye inqilabının sürətləndiyi, süni intellekt və rəqəmsal texnologiyaların qlobal inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyi müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti artıq təkcə təbii resurslar və maliyyə imkanları ilə deyil, rəqəmsal potensialı, innovasiya ekosistemi və intellektual kapitalı ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan da rəqəmsal transformasiyanı milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə bu istiqamətdə dönüş nöqtəsi oldu. Dövlət başçısı çıxışında vurğuladı: “Biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.” Prezidentin bu fikirləri Azərbaycanın rəqəmsal inkişaf strategiyasının yalnız texnoloji yenilənmə deyil, ölkənin uzunmüddətli iqtisadi inkişafının və milli rəqabət qabiliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini göstərdi.
Millət vəkilinin sözlərinə görə, məhz həmin müşavirədə verilən tapşırıqların davamı olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiqləndi və rəqəmsal transformasiyanın vahid idarəetmə modeli formalaşdırıldı. Bu isə müxtəlif dövlət qurumlarının fəaliyyətinin koordinasiyalı şəkildə həyata keçirilməsi, rəqəmsal layihələrin vahid strategiya əsasında icrası və institusional islahatların sürətləndirilməsi üçün möhkəm zəmin yaratdı.
Artıq bu siyasətin praktik mərhələyə keçdiyini göstərən mühüm hadisə iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası oldu. İclasda rəqəmsallaşma, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və qanunvericilik islahatları istiqamətində görülən işlər, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər geniş müzakirə edildi.
Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında bildirdi: “Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiririk. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur.” Bununla yanaşı, Birinci vitse-prezident strateji hədəfi də açıq şəkildə ifadə edərək vurğuladı: “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.” Bu yanaşma göstərir ki, Azərbaycanda rəqəmsallaşma artıq yalnız elektron xidmətlərin genişləndirilməsi kimi deyil, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul edilir. Məqsəd ayrı-ayrı rəqəmsal həllər yaratmaq deyil, bütün dövlət xidmətlərini vahid platformada birləşdirən müasir ekosistem formalaşdırmaqdır. Bu baxımdan “mygov” və “mygov Biznes” platformalarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müxtəlif dövlət qurumlarının xidmətlərinin vahid platformada cəmləşdirilməsi vətəndaş-məmur təmasını minimuma endirməklə yanaşı, idarəetmədə operativliyi və şəffaflığı artırır. Son üç ay ərzində platforma istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi də cəmiyyətin rəqəmsal xidmətlərə artan etimadını nümayiş etdirir.
Fəaliyyət Planında nəzərdə tutulan proaktiv dövlət xidmətləri isə idarəetmədə keyfiyyətcə yeni mərhələ yaradır. Yaşa görə pensiyaların avtomatik təyin olunması, doğumla bağlı sosial ödənişlərin müraciətsiz həyata keçirilməsi, sənədlərin etibarlılıq müddəti ilə bağlı avtomatik bildirişlərin göndərilməsi dövlət xidmətlərinin vətəndaş yönümlü modelə keçdiyini göstərir. Rəqəmsal transformasiyanın əsas komponentlərindən biri olan Milli Məlumat Hövzəsi dövlət informasiya ehtiyatlarının vahid platformada inteqrasiyasını təmin edəcək. Bu sistem məlumatların keyfiyyətini yüksəldəcək, süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək və dövlət idarəçiliyində analitik qərar qəbuletmə imkanlarını artıracaq. Müasir dövrdə süni intellekt texnologiyaları qlobal geosiyasi və iqtisadi rəqabətin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycanın milli hesablama infrastrukturunun yaradılması, dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi, virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi və tənzimləyici test mühitinin formalaşdırılması ölkənin texnoloji müstəqilliyini möhkəmləndirməklə yanaşı, innovasiya iqtisadiyyatının inkişafına da yeni imkanlar açır. Rəqəmsal inkişafın mühüm şərtlərindən biri də kibertəhlükəsizliyin gücləndirilməsidir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin formalaşdırılması Azərbaycanın rəqəmsal suverenliyinin etibarlı qorunmasına xidmət edir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən koordinasiyalı fəaliyyət Azərbaycanın rəqəmsal transformasiyasını keyfiyyətcə yeni mərhələyə yüksəldir. Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası rəqəmsal iqtisadiyyatın inkişafına, dövlət idarəçiliyinin daha səmərəli təşkilinə, innovasiya mühitinin genişlənməsinə və Azərbaycanın regionun aparıcı rəqəmsal inkişaf mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək – deyə millət vəkili Pərvin Kərimzadə qeyd edib.