PDF Oxu

Siyasət

  • 1 572

Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir

image

“Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsinin uğurlu nəticələri göz önündədir. Dayanıqlı inkişafı təmin etmək üçün bütün zəruri addımlar atılır. Bu günümüzün əsas çağırışı rəqəmsal inkişaf və süni intellektin tətbiqidir. Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilərək ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarların qəbul edilməsi, həmçinin dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqlənməsi, “Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanın imzalanması, bu sənədə əsasən Rəqəmsal İnkişaf Şurasının yaradılması və tərkibinin təsdiqlənməsi özündə bütün məqamları ehtiva edir. İslahatlar ardıcıllığı ilə diqqətdədir. Məqsəd ölkəmizdə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsidir. Atılan addımlar Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə xidmət edir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev həmin müşavirədə bu çağırışı diqqətə çatdırdı ki, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.
Təsdiqlənən Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır. Rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir. İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının keçirilən ilk iclasında “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə edildi. Şuranın əsas vəzifəsinin müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vahid yanaşma formalaşdırmaq və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etmək olduğunu vurğulayan Mehriban xanım Əliyeva bildirdi ki, məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır. Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir”.
Malik Həsənov vurğulayıb ki, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır: “Rəqəmsal İnkişaf Şurasının ilk iclasında o da qeyd edildi ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq. Bütün dövlət qurumlarının birgə fəal və səmərəli işinin təşkilini əsas hədəflər sırasında qeyd edildi.
Dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində işlər davam etdirilir. Belə ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Vətəndaşlara münasibətdə dövlət xidmətlərinin təqdim edilməsində əsas hədəf pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş ekosistemə keçiddir. Artıq bu prosesə başlanılmışdır. Qısa müddət ərzində “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” tətbiqlərinin bir çox xidmətləri artıq inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə “mygov” üzərindən təqdim edilməsi planlaşdırılır. Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Mehriban xanım Əliyeva bu hədəfi qarşıya qoydu ki, biz beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır”.
Millət vəkili bildirib ki, strateji istiqamətlərdən biri innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir: “Hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 Qanuna, 9 Prezident Fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən biri kimi diqqətdə saxlamaqdır”.
Malik Həsənov onu da qeyd edib ki, müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası, kibertəhlükəsizliyin gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər sırasındadır. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinin, dövlət qurumlarının birgə fəal və səmərəli işinin nəticəsi olaraq rəqəmsal inkişaf sahəsində yeni mərhələyə qədəm qoyur. Azərbaycan dayanıqlı inkişafın təkmil modeli ilə daim dünyanın diqqətindədir. Atılan hər bir addımın əsasında Azərbaycanın daha da güclənməsi, qüdrətlənməsi, vətəndaş məmnunluğunun artırılması dayanır.

Digər xəbərlər