2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən təkbətək və geniş tərkibli görüşlər, eləcə də mətbuata verilən birgə bəyanatlar tərəflərin əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini aydın şəkildə nümayiş etdirdi.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Dövlətimizin başçısı qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas investorlardan biridir. Bu reallıq iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Prezident həmçinin yeni hərtərəfli saziş üzrə danışıqların bərpasının ikitərəfli münasibətlərə mühüm töhfə verəcəyini bildirdi.
Görüş zamanı enerji təhlükəsizliyi xüsusi diqqət mərkəzində oldu. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev enerji sahəsində uzunmüddətli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, eyni zamanda bərpa olunan enerji və yaşıl enerji layihələrinin də qarşılıqlı maraq doğurduğunu vurğuladı.
Mətbuata bəyanatla çıxış edən Ursula Fon der Lyayen Azərbaycanın Avropa üçün mühüm tərəfdaş olduğunu qeyd etdi. O, Avropa İttifaqının Cənubi Qafqazda dayanıqlı sülhün, nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına dəstəyini ifadə etdi. Avropa Komissiyasının "Sülh naminə bağlantı" təşəbbüsü çərçivəsində regionun nəqliyyat, enerji və rəqəmsal infrastrukturunun inkişafı üçün 200 milyon avroya qədər qrant ayrılacağı bildirildi.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın regionda sülhün və əməkdaşlığın tərəfdarı olması idi. Dövlətimizin başçısı vurğuladı ki, davamlı sülh və qarşılıqlı etimad Cənubi Qafqazın inkişafı üçün əsas şərtdir və Azərbaycan bu istiqamətdə bütün konstruktiv təşəbbüsləri dəstəkləyir.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın geostrateji mövqeyi, enerji potensialı, nəqliyyat imkanları və təşəbbüsləri ölkəmizi Avrasiya məkanında mühüm tərəfdaşa çevirib. İyulun 1-də Bakıda səsləndirilən fikirlər də göstərdi ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bundan sonra da genişlənəcək, Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni məzmun və yeni imkanlarla inkişaf edəcək.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri