PDF Oxu

Siyasət

  • 599

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və inkişafın tərəfdarıdır - ŞƏRH

image

Bu gün Azərbaycan artıq dünyada çox böyük nüfuza malik dövlətdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı günbəgün artır. Əlbəttə ki, bütün bunların kökündə uğurlu xarici siyasət dayanır. Prezident İlham Əliyev hər zaman milli maraqlara söykənən müstəqil addımlar atır. Xarici dövlətlərlə əməkdaşlığa yüksək səviyyədə önəm verilir. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə isə Azərbaycanla daha çox dünya ölkələrinin əməkdaşlıq etmək istəməsi göz önündədir.
Dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın yaranmasına və davamlı inkişafına öz təsirini göstərir. Prezident İlham Əliyevin məqsədyönlü müdrik xarici siyasəti nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.
Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabər hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər iki tərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb.
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan ilə Avropa İttifaqı münasibətlərinin inkişafını göstərən mühüm siyasi hadisədir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edərək Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin yeni və mühüm inkişaf mərhələsinə daxil olduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərlərindən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə gəlişi tərəflər arasında siyasi dialoqun və strateji tərəfdaşlığın ardıcıl şəkildə genişləndiyini nümayiş etdirir.
Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür ki, bu da ölkəmizin regionun aparıcı iqtisadi tərəfdaşı olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev enerji sahəsində əldə olunan uğurlara toxunaraq xatırladıb ki, 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin sənədin icrası nəticəsində Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə nəql edilir və mövcud infrastruktur bu coğrafiyanın daha da genişləndirilməsinə imkan yaradır.
Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan uzun illər ərzində həyata keçirdiyi siyasi, diplomatik və iqtisadi fəaliyyət nəticəsində etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirib. Bu baxımdan, 3500 kilometrlik Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan strateji infrastruktur layihəsi kimi qiymətləndirilib.
Ursula Fon der Lyayen çıxışında Azərbaycanın geosiyasi əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, “Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Bu qiymətləndirmə Azərbaycanın Cənubi Qafqazda lider dövlət kimi mövqeyinin, sülh gündəliyinin təşəbbüskarı və regional əməkdaşlığın əsas təminatçılarından biri olduğunun Avropa İttifaqı tərəfindən də qəbul edildiyini göstərir.
Bəyanatda regional təhlükəsizlik və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də mühüm yer tutub. Prezident İlham Əliyev qeyd edib ki, ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda yeni mərhələnin başlanğıcı olub. Hazırda bölgədə de-fakto sülh mövcuddur və bu reallıq artıq öz müsbət nəticələrini verməyə başlayıb.
Bu gün Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana yönələn tranzit yüklərlə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb, eyni zamanda enerji məhsullarının, xüsusilə benzin və dizel yanacağının tədarükünə başlayıb. Bu addımlar Azərbaycanın sülhün praktik əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulmasının tərəfdarı olduğunu nümayiş etdirir.
Azərbaycanın əsas məqsədi hər zaman Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı və dönməz sülhün təmin edilməsi olub. Dövlət başçısı Avropa Komissiyasının bu prosesə verdiyi dəstəyi yüksək qiymətləndirərək qeyd edib ki, qarşılıqlı əməkdaşlığın genişlənməsi regionun gələcək inkişafına, sabitliyinə və rifahına mühüm töhfə verəcək.Cənubi Qafqaz yaxın gələcəkdə münaqişələrdən uzaq, əməkdaşlıq, tərəfdaşlıq və davamlı inkişaf regionuna çevriləcək

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər