Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də ölkəmizdə işgüzar səfərdə oldu. Hər bir səfər münasibətlərin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan xarici siyasətin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət göstərilir. Quruma üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir. Xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, onların mətbuata bəyanatlarında münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş müzakirə edildi, perspektivlər açıqlandı. Bəyanatlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və Orta Dəhlizin inkişafı da əsas müzakirə mövzuları sırasında yer aldı. Bu istiqamətlər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın artıq təkcə enerji sektoru ilə məhdudlaşmadığını, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji xarakter aldığını göstərir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Tarixi Zəfərimizdən sonra Azərbaycanın bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin daha da aktuallaşdırılması beynəlxalq səviyyədə təqdir edilir. 2024-cü ildə ev sahibliyi etdiyimiz COP29 iqlim konfransı Azərbaycanın qlobal əməkdaşlığa verdiyi önəmə bir daha işıq saldı. Hər bir səfər, eyni zamanda, mətbuata bəyanatlarda səsləndirilən çağırışlar, imzalanan sənədlər Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində artan rolunu, nüfuzunu, söz sahibliyini nümayiş etdirir. İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına, ölkələr və xalqlar arasında körpülərin qurulmasına geniş imkanlar açdı.
Alidə Aslanova
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi