PDF Oxu

Siyasət

  • 526

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır - ŞƏRH

image

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə görüşü olub, mətbuata bəyanatlarla çıxış ediblər.Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi. Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Dövlət başçımızın açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir.

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu artım Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan Avropa bazarına fasiləsiz və etibarlı enerji tədarükünü təmin edir. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan təbii qazını idxal edir və bu göstəricinin yaxın illərdə daha da artacağı gözlənilir. Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələrinin enerji balansında mühüm yer tutur. Son dövrlərdə qaz ixracının coğrafiyası daha da genişlənmiş, yeni Avropa bazarlarına çıxış imkanları yaranmışdır. Bu isə Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirmişdir. İqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Avropa İttifaqı Azərbaycanın qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, yaşıl enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və Orta Dəhlizin inkişafı istiqamətlərində də mühüm tərəfdaşdır. Xəzər dənizi vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında yaradılan yeni nəqliyyat marşrutları Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, Avropa İttifaqının qlobal tədarük zəncirlərinin şaxələndirilməsinə də mühüm töhfə verir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, ölkəmizin ən iri investorlarından biridir. Qarşılıqlı etimad, iqtisadi sabitlik və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulan bu münasibətlər hər iki tərəfin strateji maraqlarına cavab verir. Enerji təhlükəsizliyi, investisiyalar, ticarət dövriyyəsinin artması, yaşıl enerji və nəqliyyat layihələri Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyini göstərən əsas amillərdir. Prezident İlham Əliyevin qeyd etdiyi faktlar göstərir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, ölkəmizin iqtisadi inkişafında, enerji ixracının genişlənməsində və xarici investisiyaların cəlb edilməsində aparıcı mövqeyə malikdir. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Aİ ölkələri ilə həyata keçirilməsi, birbaşa xarici investisiyaların təxminən 70 faizinin Avropa mənbəli olması, Avropa İttifaqına təbii qaz ixracının təxminən 65 faiz artması və Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi bu strateji tərəfdaşlığın iqtisadi və geosiyasi əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər