Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər ölkəmizin xarici siyasət kursunun, iqtisadi prioritetlərinin və regional sülh gündəliyinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Çıxışda xüsusilə Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğu, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın sürətlə inkişaf etdiyi vurğulandı. Prezidentin çıxışından aydın görünür ki, Azərbaycan Avropa İttifaqını yalnız mühüm iqtisadi tərəfdaş kimi deyil, eyni zamanda enerji təhlükəsizliyi, nəqliyyat, yaşıl enerji və regional sabitlik sahələrində strateji tərəfdaş kimi qiymətləndirir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması və ölkəmizin Cənubi Qafqazda Aİ-nin ən böyük ticarət tərəfdaşı kimi çıxış etməsi bu əməkdaşlığın real nəticələrə söykəndiyini göstərir.
Enerji sahəsi çıxışın əsas istiqamətlərindən biri idi. Azərbaycanın son illərdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla fəaliyyət göstərməsi və Azərbaycan qazının Avropa bazarında artan payı ölkəmizin etibarlı enerji təchizatçısı statusunu daha da möhkəmləndirib. Bununla yanaşı, bərpaolunan enerji sahəsində planlaşdırılan iri layihələr Azərbaycanın gələcəkdə "yaşıl enerji" ixracatçısına çevrilmək niyyətini nümayiş etdirir.
Prezident İlham Əliyevin nəqliyyat dəhlizləri ilə bağlı fikirləri də diqqət çəkir. Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən Azərbaycan geosiyasi baxımdan mühüm tranzit mərkəzinə çevrilməkdədir. İnfrastruktur layihələrinə qoyulan sərmayələr ölkənin regional logistika imkanlarını genişləndirir və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.
Görüşün ən mühüm hissələrindən biri isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh prosesinə həsr olundu. Prezident İlham Əliyev qeyd etdi ki, sülh artıq yalnız siyasi bəyanat deyil, praktik addımlarla müşayiət olunan bir reallıqdır. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, iqtisadi əməkdaşlıq istiqamətində atılan addımlar və Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyəti regionda uzunmüddətli sabitlik üçün yeni imkanlar yaradır.
Preziden cənab İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini aydın şəkildə ortaya qoyur. Burada həm milli maraqların qorunması, həm iqtisadi inkişafın davam etdirilməsi, həm də regionda dayanıqlı sülhün təmin olunması məqsədləri ön plana çıxır. Xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji, beynəlxalq nəqliyyat layihələri və Avropa ilə strateji əməkdaşlıq kimi istiqamətlər Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirən amillərdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin görüş zamanı vuğuladığı məqamlar Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını əks etdirir. Bu baxış qarşılıqlı faydalı əməkdaşlıq, etibarlı tərəfdaşlıq, regional sabitlik və iqtisadi inkişaf prinsiplərinə əsaslanır. Məhz bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqinin möhkəmlənməsinə xidmət edən əsas istiqamət kimi qiymətləndirilə bilər.
Elnur Məmmədov
AMEA-nın Gəncə Bölməsinin əməkdaşı
YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədr müavini