PDF Oxu

Siyasət

  • 734

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni dinamika - ŞƏRH

image

Azərbaycan-Avropa İttifaqı münasibətləri müstəqillik dövründən etibarən ölkəmizin xarici siyasətində mühüm istiqamət kimi formalaşmışdır. Bu əlaqələr enerji, ticarət, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrini əhatə etməklə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi Avropa dövlətləri ilə aparılır.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen cari ilin iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. Görüş iki tərəfli münasibətlərin inkişafı və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Prezident İlham Əliyev bəyanatında ikitərəfli münasibətlərin son illərdə intensivləşdiyini vurğulayaraq, Avropa İttifaqı ilə əlaqələrin mühüm mərhələdə olduğunu, ardıcıl yüksək səviyyəli görüşlərin keçirildiyini qeyd etdi. Həmçinin əməkdaşlıqda görünməmiş dinamikanın müşahidə olunduğunu, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı kimi tanındığını, Enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq Memorandumunun nəticəsində Azərbaycanın Avropa İttifaqına qaz ixracının 65 faiz artdığını, hazırda 10 üzv dövlətin Azərbaycan qazını aldığını və bu coğrafiyanın genişlənmə potensialının mövcud olduğunu xüsusi vurğulamışdır.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı çoxşaxəli münasibətlərin əhəmiyyətini açıqlamışdır: “Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik”.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirmişdir ki, Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılması və Bakıda Regional Bağlantı Sərmayə Konfransının keçirilməsi təklif olunmuş, bundan əlavə, regionda sülhün gündəlik həyatda hiss olunması üçün 20 milyon avro dəyərində proqram açıqlanmışdır. Bu proqram səhiyyə, minatəmizləmə, kənd yerlərinin inkişafı, su təchizatı, dəqiq əkinçilik və kiçik-orta bizneslərin dəstəklənməsini əhatə edir.
Azərbaycan-Avropa İttifaqı əlaqələri qarşılıqlı maraqlara əsaslanan, enerji və ticarət sahələrində strateji tərəfdaşlıqla möhkəmlənən, regional sabitlik və inteqrasiyanı dəstəkləyən çoxşaxəli əməkdaşlıq formatıdır.

Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi,
Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Digər xəbərlər