2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri iki tərəf arasında strateji əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşlər və verilən birgə bəyanatlar göstərdi ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər artıq yalnız ənənəvi enerji əməkdaşlığı ilə məhdudlaşmır. Bu gün tərəflər əməkdaşlığın yeni və daha perspektivli istiqaməti kimi bərpaolunan enerji sahəsini ön plana çıxarırlar.
Prezident İlham Əliyev birgə bəyanat zamanı xüsusi vurğuladı ki, Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Bu fikir Azərbaycanın enerji siyasətində baş verən keyfiyyət dəyişikliklərini, ölkənin yaşıl enerji strategiyasını və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Azərbaycan uzun illər ərzində etibarlı neft və qaz ixracatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayıb. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması məqsədilə həyata keçirilən irimiqyaslı layihələr, xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu layihələr nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.
Lakin müasir dövrün çağırışları göstərir ki, enerji təhlükəsizliyi yalnız ənənəvi enerji resursları ilə təmin edilə bilməz. İqlim dəyişiklikləri, karbon emissiyalarının azaldılması, yaşıl iqtisadiyyatın inkişafı və enerji keçidinin sürətləndirilməsi bütün dünya dövlətləri üçün prioritet istiqamətlərə çevrilib. Avropa İttifaqının qəbul etdiyi "Yaşıl Razılaşma" strategiyası da məhz bərpaolunan enerji mənbələrinin genişləndirilməsini və karbon neytrallığının təmin olunmasını əsas məqsəd kimi müəyyən edir.
Azərbaycan da bu qlobal proseslərdən kənarda qalmır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaşıl enerji siyasəti uğurla həyata keçirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azad edilmiş ərazilərin bərpası zamanı ən müasir ekoloji standartların tətbiqi, günəş, külək və su enerjisindən geniş istifadə olunması Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycanın bərpaolunan enerji potensialı olduqca böyükdür. Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan külək enerjisi ehtiyatları dünyanın ən əlverişli enerji mənbələrindən hesab edilir. Eyni zamanda ölkənin müxtəlif bölgələrində günəş enerjisi istehsalı üçün əlverişli iqlim şəraiti mövcuddur. Bu imkanlar Azərbaycanın yalnız daxili tələbatını ödəməsinə deyil, gələcəkdə yaşıl enerjinin ixracatçısına çevrilməsinə də şərait yaradır.
Son illərdə aparıcı beynəlxalq enerji şirkətləri ilə imzalanmış müqavilələr də bu istiqamətdə ciddi irəliləyişlərə səbəb olmuşdur. Günəş və külək elektrik stansiyalarının tikintisi, enerji infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq investorların ölkəmizə artan marağı Azərbaycanın yaşıl enerji bazarında mühüm iştirakçıya çevrildiyini göstərir.
Avropa Komissiyası ilə əməkdaşlığın yeni mərhələsi məhz bu istiqamətdə daha geniş imkanlar açır. Avropa İttifaqı bərpaolunan enerji texnologiyalarının tətbiqində, innovativ layihələrin maliyyələşdirilməsində və enerji keçidinin sürətləndirilməsində dünyanın aparıcı tərəfdaşlarından biridir. Azərbaycan isə zəngin təbii potensialı, sabit siyasi mühiti və etibarlı tərəfdaş imici ilə Avropa üçün strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Komissiyası ilə münasibətlərdə bərpaolunan enerji yeni əməkdaşlıq sahəsinə çevrilmişdir. Bu əməkdaşlıq təkcə elektrik enerjisinin istehsalını əhatə etmir. Buraya yaşıl hidrogen istehsalı, enerji səmərəliliyinin artırılması, elektrik şəbəkələrinin rəqəmsallaşdırılması, yeni ötürücü xətlərin yaradılması və Xəzər regionundan Avropaya yaşıl elektrik enerjisinin ixracı kimi perspektivli layihələr də daxildir.
Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə gələcəkdə Azərbaycanın istehsal etdiyi yaşıl elektrik enerjisinin Avropa bazarına birbaşa çıxarılmasına imkan yaradacaq. Beləliklə, ölkəmiz qaz ixracatçısı olmaqla yanaşı, yaşıl enerji ixrac edən dövlət kimi də beynəlxalq enerji bazarında mövqeyini möhkəmləndirəcək.
Azərbaycanın enerji siyasətinin mühüm xüsusiyyətlərindən biri də balanslaşdırılmış yanaşmadır. Ölkə bir tərəfdən Avropanın enerji təhlükəsizliyinə təbii qaz tədarükü ilə mühüm töhfə verməyə davam edir, digər tərəfdən isə bərpaolunan enerji sahəsində genişmiqyaslı investisiyalar həyata keçirərək gələcəyin enerji modelini formalaşdırır. Bu yanaşma həm milli maraqlara, həm də qlobal enerji təhlükəsizliyinə xidmət edir.
Avropa Komissiyası ilə münasibətlərin inkişafı iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və yüksək ixtisaslı kadr hazırlığının gücləndirilməsinə də mühüm töhfə verəcəkdir. Bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə də xidmət edir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixində səsləndirdiyi fikirlər təsadüfi deyil, Azərbaycanın uzunmüddətli enerji strategiyasının məntiqi davamıdır. Bu strategiya ölkənin beynəlxalq nüfuzunu daha da artırır, Avropa ilə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığı möhkəmləndirir və Azərbaycanın gələcəyin yaşıl enerji mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Nəticədə Azərbaycan ilə Avropa Komissiyası arasında bərpaolunan enerji sahəsində formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı maraqlara, etibara və uzunmüddətli strateji tərəfdaşlığa əsaslanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu istiqamət artıq münasibətlərimizin yeni və mühüm hissəsinə çevrilmişdir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr Azərbaycanın enerji tarixində yeni səhifə açacaq, ölkəmizin həm Avropanın enerji təhlükəsizliyində, həm də qlobal yaşıl enerji keçidində rolunu daha da gücləndirəcəkdir.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri