PDF Oxu

Siyasət

  • 922

Azərbaycan–Avropa Komissiyası münasibətlərinin müasir mərhələsi

image

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər yeni keyfiyyət mərhələsinə yüksəlməkdədir. Dövlət başçısının "Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik" fikri tərəflər arasında formalaşmış qarşılıqlı etimadın, uğurlu əməkdaşlığın və gələcəyə hesablanmış strateji tərəfdaşlığın aydın ifadəsidir. Bu bəyanat həm mövcud münasibətlərin qiymətləndirilməsi, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınıb. Avropa İttifaqı ilə münasibətlər də məhz qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar əsasında inkişaf etdirilib. Son illər ərzində siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində uğurlu əməkdaşlıq münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu xüsusi vurğuladı. Hazırda ölkəmiz Avropanın bir sıra dövlətlərinə təbii qaz ixrac edir və bu istiqamətdə ixrac coğrafiyası getdikcə genişlənir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş beynəlxalq enerji layihələri Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Bu amil ölkəmizin etibarlı və məsuliyyətli tərəfdaş kimi nüfuzunu daha da artırır.
Enerji sahəsi ilə yanaşı, yaşıl enerji istiqaməti də Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan günəş və külək enerjisi potensialından səmərəli istifadə etməyi qarşısına məqsəd qoyub və bu sahədə beynəlxalq tərəfdaşlarla birgə mühüm layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" elan olunması da ölkəmizin ekoloji təhlükəsizliyə və dayanıqlı inkişafa verdiyi önəmin göstəricisidir. Avropa Komissiyası ilə bu istiqamətdə əməkdaşlıq gələcək illərdə daha da genişlənəcək.
Münasibətlərin inkişafında nəqliyyat və logistika sahələri də mühüm yer tutur. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirib. Orta Dəhlizin inkişafı, müasir nəqliyyat infrastrukturu və beynəlxalq yükdaşımaların artması Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə xidmət edir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına cavab verir.
Prezident İlham Əliyev bəyanatında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini də qeyd etdi. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və əldə olunan razılaşmalar tərəflərin əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir. Bu münasibətlər yalnız iqtisadi sahəni deyil, eyni zamanda təhsil, elm, innovasiya, rəqəmsallaşma, ətraf mühitin qorunması və humanitar əməkdaşlıq kimi istiqamətləri də əhatə edir. Bütün bunlar münasibətlərin çoxşaxəli xarakter daşıdığını göstərir.
Ursula Fon der Lyayenin Azərbaycana səfəri iki tərəf arasında əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlərin inkişafına da böyük önəm verir. Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi inkişafın sürətlənməsinə və regionda sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir.
Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin hazırkı mərhələsi yeni imkanlar və geniş perspektivlər vəd edir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə müəyyənləşdirir və tərəflər arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər