PDF Oxu

Siyasət

  • 677

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə qədəm qoydu - ŞƏRH

image

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycana səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev ilə görüş keçirmişdir. Səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmişdir.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulamışdır ki, hazırda Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər xüsusi fəallıq dövrünü yaşayır. Dövlət başçısı qeyd etmişdir ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri qarşılıqlı əməkdaşlığın inkişafına verilən önəmin göstəricisidir. Prezident bu dinamizmi tərəflərin siyasi iradəsinin və strateji tərəfdaşlığa olan marağının nəticəsi kimi qiymətləndirmişdir.
Görüş zamanı enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, regional əməkdaşlıq, rəqəmsal inkişaf, yaşıl enerji və iqtisadi tərəfdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi dəyərləndirilmiş, ölkəmizin təbii qaz və yaşıl enerji sahəsində potensialı xüsusi qeyd edilmişdir. Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının bundan sonra da genişlənəcəyi vurğulanmışdır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen öz çıxışında Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini qeyd etmiş, regionun nəqliyyat, enerji və rəqəmsal əlaqələrinin inkişafına dəstək göstərməyə hazır olduqlarını bildirmişdir. O, Avropa İttifaqının regionun inkişafına yönəlmiş yeni təşəbbüslər irəli sürdüyünü və bu məqsədlə əhəmiyyətli maliyyə resurslarının ayrıldığını bəyan etmişdir. Avropa İttifaqı tərəfindən Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi üçün 200 milyon avro həcmində qrant vəsaitinin ayrılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın regional sülhün və əməkdaşlığın tərəfdarı olduğunu vurğulamış, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını qeyd etmişdir. Dövlət başçısı Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı tərəfdaş olduğunu bildirmiş və bu istiqamətdə həyata keçirilən layihələrin beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Bu səfər həm də Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların artırılması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və regional kommunikasiyaların inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə fikir mübadiləsi aparmışlar.
Nəticə etibarilə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycan–Avropa İttifaqı əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu səfər qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın daha da möhkəmlənməsinə, regionda sülh və sabitliyin gücləndirilməsinə, həmçinin iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm siyasi hadisə olmuşdur.

Elnarə Vəlibəyli

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər